İqtisadiyyat.az bu gün baş verəcək hadisələrin siyahısını təqdim edir. 

Bu gün 2023-2024-cü tədris ili üzrə şagird yerdəyişməsinə start veriləcək. Proses sy.edu.az elektron sistemi üzərindən həyata keçiriləcək. Yerdəyişmə 2-9 və 11-ci siniflər üçün 7 avqust saat 15:00, 10-cu siniflər üçün isə 14 avqust saat 15:00-dan aktivləşdiriləcək. Valideynlər üçün sy.edu.az elektron sistemində ümumi təhsil müəssisələrinə sorğu yerləşdirmə prosesi 31 avqust saat 18:00-a qədər davam edəcək. Valideynlər 5 sentyabr saat 15:00-a qədər övladlarının sənədlərini yerdəyişmə etdikləri ümumi təhsil müəssisəsinə təqdim etməlidirlər.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) parklanmanın idarə edilməsi üçün hazırladığı "AzParking" mobil tətbiqi bu gündən istifadəyə veriləcək. Sürücülər bu tətbiq vasitəsi ilə boş parklanma yerlərini tapa, vaxtlarına qənaət edə biləcəklər. 

Bu gün Bakı Apellyasiya Məhkəməsində hakim İlqar Murquzovun sədrliyi ilə Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlu barəsində ev dustaqlığı qətimkan tədbirinin seçilməsinin təmin edilməməsi ilə bağlı Nərimanov rayon Məhkəməsinin qərarından şikayətə baxılacaq. 

Gürcüstan hakimiyyəti Qərbi Gürcüstanın yüksək dağlıq kurort Şovi şəhərində baş vermiş faciə ilə əlaqədar bu gün ölkədə matəm günü elan edib. Qeyd edək ki, avqustun 3-də Gürcüstanın Şovi şəhərində baş verən sürüşmə nəticəsində həlak olanların sayı 18-ə çatıb. Onların arasında bir azərbaycanlı da var. 

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün hökumətin iclasını keçirəcək. Prezident iclasda rusiyalı həmkarı ilə son telefon danışığını müzakirə edəcək, həmçinin “taxıl sazişi” ətrafında yaranmış vəziyyətə toxunacaq.

Bolqarıstan ABŞ ilə birlikdə avqustun 20-dək davam edəcək "Trakya Yayı - 2023" hava qüvvələri təlimlərinə başlayıb. Təlim proqramı çərçivəsində ABŞ Hərbi Hava Qüvvələrinə məxsus C-130 nəqliyyat təyyarələri bu gün Bolqarıstana eniş edəcək.

Avropa c‌empionatının final mərhələsinə hazırlıg‌ını davam etdirən qadın voleybolc‌ulardan ibarət Azərbaycan milli komandası bu gün hazırlığın son mərhələsi üçün Sloveniyanın Maribor şəhərinə yollanacaq və orada bir neçə yoxlama oyununda qüvvəsini sınayacaq.  

19 yaşadək futzalçılardan ibarət Azərbaycan millisi Belarusun paytaxtı Minskdə təşkil olunacaq II Müstəqil Dövlətlər Birliyi (MDB) oyunları çərçivəsində ilk oyununu Belarusa qarşı keçirəcək

Bu gün UEFA Çempionlar Liqasında pley-off mərhələsinin püşkü atılacaq.