İqtisadiyyat.az bu gün baş verəcək hadisələrin siyahısını təqdim edir. 

Bu gün saat 11:00-dan etibarən tədris digər dildə aparılan bölmə üzrə I siniflərə qəbul üçün prioritet tələbi tətbiq edilən bir sıra ümumi təhsil müəssisəsində boş qalan yerlərə prioritetsiz qəbul aparılacaq. 

Bu gün və sabah G1-G2 səviyyəli geomaqnit qasırğası gözlənilir. Bu barədə AMEA-nın Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanası məlumat yayıb.

Bu gün Bakı Fond Birjasında Maliyyə Nazirliyinin Diskontlu, Dövlət Qısamüddətli İstiqrazları (DQİ) üzrə hərrac keçiriləcək. Hərrac zamanı sifarişlərin toplanması BFB-nin ticarət reqlamentinə uyğun olaraq saat 10:00-dan 11:00-dək təşkil olunacaq.

Bu gün Super Ay hadisəsi müşahidə olunacaq. Bu termin tam ayın Yerə ən yaxın nöqtədə olduğu fenomenə aiddir. Həmin nöqtədə planetimizin təbii peyki ən uzaq mövqeyindən 14% daha böyük və 30% daha parlaq görünür.

Bu gün 1 saylı Bakı İstintaq Təcridxansında saxlanılan Qubad İbadoğlunun ailəsi ilə görüşünə şərait yaradılacağı bildirilir. Bu barədə onun qardaşı Qalib Bayramov məlumat verib. 

Ermənistanın həbsdə olan keçmiş müdafiə naziri David Tonoyan bu gün 2020-ci il müharibəsinin hallarının araşdırılması üzrə istintaq komissiyasının iclasında ifadə verəcək.

Bu gündən Rusiyada rəqəmsal rubl haqqında qanun qüvvəyə minəcək. Məlumata görə, prezident Vladimir Putinin imzaladığı sənəd rəsmi hüquqi informasiya portalında yerləşdirilib. Rəqəmsal rubl mövcud pul formaları ilə birlikdə buraxılacaq. O, nağd və qeyri-nağd pul ilə yanaşı, milli valyutanın üçüncü formasına çevriləcək. Rəqəmsal rublları saxlamaq və onlarla əməliyyatlar aparmaq, operatoru Rusiya Bankı olacaq xüsusi platformada mümkün olacaq. 

Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin cavab oyunu çərçivəsində keçiriləcək “Qarabağ” – “Rakuv” (Polşa) matçından əvvəl təşkil ediləcək mətbuat konfransları və media nümayəndələri üçün açıq məşqin vaxtı məlum olub. “Köhlən atlar”ın baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı bu gün saat 17:15-də “Azersun Arena”da baş tutacaq. Saat 17:45-də isə media nümayəndələri üçün açıq məşq (İlk 15 dəqiqə) keçiriləcək. Qonaq komandanın mətbuat konfransı saat 18:30-da, açıq məşqi isə saat 19:00-dа Bakı Olimpiya Stadionunda reallaşacaq.