İqtisadiyyat.az bu gün baş verəcək hadisələrin siyahısını təqdim edir. 

Baş prokuror Kamran Əliyev bu gün saat 10:00-da Biləsuvar rayon prokurorluğunun inzibati binasında Biləsuvar, Cəlilabad və Neftçala rayon sakinlərinin qəbulunu həyata keçirəcək.

Bu gün Bakı Fond Birjasında Maliyyə Nazirliyinin Kuponlu, Dövlət Ortamüddətli İstiqrazları (DOİ) üzrə hərrac keçiriləcək. Məlumata görə, hərrac zamanı sifarişlərin toplanması BFB-nin ticarət reqlamentinə uyğun olaraq saat 10:00-dan 11:00-dək təşkil olunacaq.

Bu gün Azərbaycan Premyer Liqasında 2023/2024-cü illər mövsümünün püşkatma mərasimi keçiriləcək. AFFA-nın inzibati binasında, saat 15:00-da başlayacaq tədbirə bütün media nümayəndələri dəvətlidir.

Bu gün "Neftçi" Moskvada yoldaşlıq oyunu çərçivəsində "Spartak"la qarşılaşacaq. Oyun saat 21:00-da başlanacaq.

Ermənistan Xarici İşlər naziri Ararat Mirzoyan bu gün Vyanaya səfər edəcək.

Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası Ukraynadakı vəziyyətlə bağlı iclas keçirəcək. Baş Assambleyanın “Ukraynanın müvəqqəti işğal olunmuş ərazilərində vəziyyət” mövzusunda açıq müzakirəsi baş tutacaq. İclasda müxtəlif ölkələrdən bir sıra rəsmi şəxslərlə yanaşı, Ukrayna nümayəndə heyətinin də iştirak edəcəyi bildirilib.

İsrail Prezidenti İsxak Hersoq bu gün ABŞ-a səfər edəcək. Bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb. İ.Hersoq Ağ Evdə ABŞ Prezidenti Co Baydenlə görüşəcək.