Birləşmiş Millətlər Təşkilatı dağıdıcı daşqınların baş verdiyi Liviyaya təcili yardım üçün 10 milyon dollar ayırdığını açıqlayıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatı (BMT) Baş Katibinin Humanitar Məsələlər və Təcili Yardım Koordinatoru Martin Griffiths açıqlama yayıb.

Açıqlamada Liviyanın şərqindəki sel fəlakətinin miqyasının sarsıdıcı və acınacaqlı olduğu qeyd edilib.

Griffiths deyib: "Bütün məhəllələr (selin baş verdiyi ərazidə) xəritədən silinib. Minlərlə insan ölüb, on minlərlə insan evsiz qalıb və daha bir çoxunun taleyi məlum deyil".

Liviyalılara yardım və dəstək vermək üçün mübarizə apardıqlarını qeyd edən Griffiths, axtarış-xilasetmə qrupları, həkim və yardım ləvazimatları göndərən Liviya qonşularına və digər ölkələrə təşəkkür edib.

Griffiths qeyd edib ki, Liviya üçün bu çətin dövrdə insanlara vacib ləvazimatların çatdırılması, ikinci bir sağlamlıq böhranının qarşısının alınması və ölkənin sürətlə normal vəziyyətə qayıtması ilkin hədəflərdir.