Birləşmiş Millətlər Təşkilatının (BMT) insan hüquqları məsələlərinin müzakirə olunduğu əsas orqanı olan Cenevrə mərkəzli İnsan Haqları Şurasının 15 yeni üzvü seçilib.

İqtisadiyyat.az xəbər verir ki, Nyu-Yorkda keçirilən 193 üzvdən ibarət BMT Baş Assambleyasında üzvlər gizli səsvermə yolu ilə müəyyən edilib.

Yeni üzvlər 3 il müddətinə seçilib.

Üzvlər regional kateqoriyalar əsasında seçilib.

Ən azı 97 səs toplayan ölkələr İnsan Haqları Şurasında iştirak etmək hüququ qazanıb. Buna görə Albaniya, Braziliya, Bolqarıstan, Burundi, Çin, Fil Dişi Sahili, Dominikan Respublikası, Kuba, Fransa, Qana, İndoneziya, Yaponiya, Küveyt, Malavi və Hollandiya 3 il müddətində Şurada vəzifə yerinə yetirəcək.

Yeni seçilmiş ölkələr 2024-cü il yanvarın 1-dən səlahiyyətlərinin icrasına başlayacaqlar.

Şərqi Avropa qrupundan Albaniya və Bolqarıstanla birlikdə namizəd olan Rusiya kifayət qədər səs toplaya bilməyib.

Bolqarıstan 160, Albaniya 123, Rusiya isə yalnız 83 səs toplaya bilib. Rusiyanın İnsan Haqları Şurasına üzvlüyü 2022-ci ilin aprelində Ukrayna müharibəsindən sonra dayandırılıb.