ABŞ dövlət katibi Antoni Blinken Qəzza zolağında atəşkəs rejimini müzakirə etmək üçün iyunun 10-dan 12-dək Misir, İsrail, İordaniya və Qətərə səfər edəcək. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidməti məlumat yayıb.  

"Dövlət katibi Antoni Blinken iyunun 10-dan 12-dək Misir, İsrail, İordaniya və Qətərə səfər edəcək. Dövlət katibi tərəfdaşlarla girovların azad edilməsinə zəmanət verən atəşkəs razılaşmasının əldə olunmasının zəruriliyini müzakirə edəcək", - mətbuat xidməti qeyd edib.

Bildirilib ki, Blinken atəşkəs razılaşmasının həm israillilərə, həm də fələstinlilərə fayda verəcəyini israr edəcək. İordaniyada ABŞ dövlət katibi Qəzza zolağına təcili humanitar yardımın göstərilməsinə həsr olunmuş konfransda iştirak edəcək. Forumu ev sahibi ölkə ilə birlikdə Misir və BMT təşkil edir.

Blinken Yaxın Şərq turnesindən sonra İtaliyaya gedəcək və orada ABŞ prezidenti Co Baydeni Yeddilik (G7) sammitində müşayiət edəcək.