Bu günlərdə türkiyəli elm adamları İlbər Ortaylı və Cəlal Şəngörün Azərbaycana səfəri geniş müzakirə mövzusuna çevrilib. Azərbaycanlı gənclərin sözügedən şəxslərlə görüşə can atması, tədbirə qatılmaq üçün bilet almaları bir sualı yenidən aktual edib: azərbaycanlı elm adamları niyə bu qədər populyar deyil? Yaxud onların bu qədər sevilməsinə nə mane olur?

Mövzu ilə bağlı İqtisadiyyat.az-ın suallarını cavablandıran azərbaycanlı təhsil mütəxəssisi Yalçın İslamzadə əvvəlcə hər iki türkiyəli elm adamına göstərilən yüksək marağın səbəblərindən söz açıb: “Əgər həqiqətən maraq alimlərə olsaydı, İlbər Oltaylının heç olmasa yarısı qədər Halil İnalcık, Cəlal Şəngörün də yarısı qədər Ali Demirsoy ölkəmizdə tanınardı. Nə üçün Nobel mükafatı almış Aziz Sancar bu qədər çox görünmür? Çünki vaxtı çox məhduddur, ciddi elmi tədqiqatlarla məşğuldur. Ancaq İlbər və Cəlal hocalar çox mediatikdirlər, hər gün bir neçə kanaldadırlar və bütün suallara sadə və konkret cavabları var, "bilmirəm" dedikləri sual demək olar ki, yoxdur. Mən bu insanların populyar çıxışlarını elm adamlarının elmə maraq göstərən şəxslər qarşısında çıxışı kimi görə bilmirəm”. 

 

 

Y.İslamzadənin fikrincə, onların Azərbaycanda sevilməsinin səbəbi heç də elmi nailiyyətləri və dərin bilikləri ilə bağlı deyil: “Özünü Türkiyənin və Rusiyanın düşüncə periferiyası olmağa məhkum etmiş Azərbaycanda bu şəxslərə yüksək maraq daha çox "üst mədəniyyətdən" olan bir avtoritetdən hazır cavablar almaq, komfort zonasında olmağa xidmət edir. Elm adamları insanları düşünməyə, sual verməyə, maraqlanmağa təşviq etməlidirlər, onlara hazır resept şəklində cavab vermək elmin təbliğatı deyil”.

Bəs bizim elm adamları niyə əcnəbilər qədər populyar ola bilmir? Təhsil mütəxəssisi bunun günahını elə alimlərimizin özlərində görür: “Onların elmin laboratoriyadan kənardakı müxtəlif kontektslərə tətbiq olunması şəklindəki elmi savadları kifayət deyil. Elmin formal tərəfini yaxşı bilənlər belə, elmi bir düşüncə sistemi kimi görə bilmirlər. Ona görə də təkamülü inkar edən bioloqlarımız, ulduz falına inanan fiziklərimiz az deyil. Elmdən həyatın digər sahələrindəki hadisələri izah etməkdə istifadə edə bilmirlər, kommunikasiya bacarıqları kafi deyil və elmi populyar etmək, onun gücünü, gözəlliyini, əhəmiyyətini izah etmək üçün məsuliyyət daşımırlar”.

Şair Aqşin Yenisey isə bu mövzuda bir neçə səbəbi dilə gətirib: “Birinci səbəb ideoloji darlığa sıxışdırılmış, kahinləşdirilmiş, xalqdan uzaq salınmış, bürokratikləşirilmiş sovet elmi ənənələrinin hələ də qoruyub saxlanılmasıdır. Elm adamı dediklərimizin çağın intellektual tələbləri ilə ayaqlaşa bilməməsi ikinci səbəbdir. Köhnəlmiş bilgilərlə silahlanmış elmi elita cəmiyyət üçün maraqsızdır. Adına elmi dediyimiz bu zümrə müasir elmin deyil, Orta əsrlərdəki bəşəri kültürün daşıyıcısıdırlar”. 

 

 

A.Yenisey elm adamlarının sükutunun obyektiv və subyektiv səbəbləri sırasına aşağıdakıları da əlavə edib: “Burada nisbətən uğurlu olanların siyasi imtiyazlardan məhrum olduqları üçün küskün mövqe tutmalarını da qeyd etmək olar. Bir də bəzi elm adamlarımız, ziyalılarımız danışmadıqca, gözə görünmədikcə daha yaxşı rifaha, daha çox gəlirə sahib olur. İndiki ümumi səviyyə ilə bizim elm adamlarımızın susması, ortalıqda görünməməsi yeni formalaşan cəmiyyətimiz üçün daha faydalıdır”.

Kinorejissor Tahir Tahiroviç isə problemi medianın, kütləvi informasiya vasitələrinin passiv fəaliyyəti ilə əlaqələndirib: “Bizim alimlərimizi, elm adamlarımızı kim təqdim etməlidir? Televiziyalar. Sadə bir misal çəkim, ARB telekanalının nəzdində biz “Aranfilm” yaradıcılıq mərkəzi yaratmışdıq. 4 il ərzində 97 film istehsal etdik. Onların mütləq əksəriyyəti, təxminən 70%-i elmi-kütləvi filmlər idi. Elm sahəsində tanınan insanlara həsr olunan ekran işləri idi. Dağıldı getdi o mərkəz. Elm adamlarımız kanallara dəvət olunmur. Çox gözəl alimlərimiz var. Təqdimatları yoxdur”.