Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) su ehtiyatlarının çatışmazlığı ilə bağlı problemlərin həlli üçün 150 milyon dollar ayıracaq. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP28) 28-ci Tərəflər Konfransının Sədrliyi məlumat yayıb.

"BƏƏ su qıtlığını aradan qaldırmaq üçün 150 milyon dollar yeni maliyyə ayırdığını elan edir", - deyə məlumatda bildirilir. 

Mənbə qeyd edir ki, vəsait ən həssas ölkələrdə su təhlükəsizliyinin təmin edilməsi layihələrinin dəstəklənməsi üçün istifadə olunacaq.

Bundan əlavə, BƏƏ-nin Sənaye və Qabaqcıl Texnologiyalar Naziri, COP28-in sədri Sultan bin Əhməd Əl Cabir bildirib ki, BƏƏ metan emissiyalarının azaldılması və səmt neft qazının məşəldə yandırılması layihələrini maliyyələşdirən Dünya Bankının Etimad Fonduna 100 milyon dollar vəsait ayırıb.

Qeyd edək ki, COP28 dekabrın 12-dək davam edir. Konfransda müxtəlif ölkələrdən 70 mindən çox nümayəndə, o cümlədən iri biznes və qeyri-hökumət təşkilatlarının nümayəndələri, tədqiqatçılar, ekspertlər və jurnalistlər iştirak edir.