Türkiyənin "Baykar" şirkəti ilə Səudiyyə Ərəbistanı Müdafiə Nazirliyi arasında rəsmi sənəd imzalanıb. 

Bu barədə İqtisadiyyat.az-a “Baykar” şirkətinin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın S.Ərəbistanı ziyarəti çərçivəsində reallaşan imza mərasimində birgə əməkdaşlığa dair sənəd sözügedən ölkənin müdafiə naziri ilə "Baykar" şirkətinin rəhbəri Haluk Bayraktar arasında imzalanıb. 

“Baykar” şirkəti tərəfindən hazırlanan Bayraktar AKINCI S/PUA, Səudiyyə Ərəbistanı Krallığı Hava və Dəniz Qüvvələri Komandanlığının inventarında xidmət edəcək. Müqavilə çərçivəsində "Baykar" S.Ərəbistanında həmçinin təlim, texniki dəstək və logistika xidmətləri göstərəcək.

Qeyd edək ki, “Baykar” bundan əvvəl Küveyt Müdafiə Nazirliyi ilə "Bayraktar TB2"-nin ixracı ilə bağlı 370 milyon dollarlıq müqavilə imzalayıb. Rumıniyaya ixracla "Bayraktar TB2" S/PUA-lar 4 NATO üzvü və 2 Aİ üzvü olan ölkənin inventarına daxil olub. Müdafiə və aerokosmik sənayenin ən böyük ixracatçılarından olan “Baykar”ın 2022-ci ildə 1,4 milyard dollar dövriyyəsi olub. Ümumilikdə "Bayraktar TB2" S/PUA üçün 30 ölkə ilə, "Bayraktar AKINCI" üçün isə 6 ölkə ilə ixrac müqaviləsi imzalanıb.