Vyanaya işgüzar səfəri çərçivəsində Baş prokuror Kamran Əliyev BMT-nin Cinayətkarlıq və Narkotiklər idarəsinin (BMTNCİ) direktoru vəzifəsini icra edən Con Brandolino ilə görüşüb.

Nümayəndə heyətini salamlayan C.Brandolino, ölkəmizdə aparılan uğurlu xarici siyasətin, müsbət tərəfdaşlıq mühitinin formalaşması və uzunmüddətli səmərəli əməkdaşlıq nəticəsində cari ilin 11-22 noyabr tarixlərində BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının - COP29-un ölkəmizdə keçirilməsinin önəmindən və Azərbaycanın qlobal ekoloji problemlərin həllinə töhfəsindən danışıb. Brandolino həmçinin Baş prokuroru Beynəlxalq Prokurorlar Assosiasiyasının Bakıda keçiriləcək 29-cu konfransı münasibətilə də təbrik edərək, BMTNCİ-nin tədbirə mütləq şəkildə qatılacağını bildirib.

Səmimi qəbula görə təşəkkürünü ifadə edən Baş prokuror Azərbaycan Prezidenti cənab İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində BMT-nin müxtəlif institutları ilə əlaqələrin yüksək səviyyədə olduğunu bildirib. COP29 çərçivəsində Azərbaycanın Baş Prokurorluğu və BMTNCİ birgə təşkilatçılığı ilə ölkəmizin sədrliyinin təşəbbüsü ilə “İqlim dəyişikliyi ilə mübarizədə hüquq mühafizə orqanlarının səfərbər edilməsi” mövzusunda yüksək səviyyəli tədbirin təşkilati məsələləri, biomüxtəlifliyin qorunması və ətraf mühitə təsir edən cinayətlərin aradan qaldırılması sahəsində əməkdaşlıq və digər qarşılıqlı maraq kəsb edən məsələlər ətrafında fikir mübadiləsi aparılıb. 

Görüşdə xarici işlər nazirinin müavini, COP29-un baş danışıqçısı Yalçın Rəfiyev və Azərbaycanın Avstriyadakı fövqəladə və səlahiyyətli səfiri Rövşən Sadıqbəyli iştirak edib.