“Hər il qış mövsümündə Azərbaycanda uşaqlar arasında soyuqdəymə xəstəlikləri yayılır. Bu səbəbdən də valideynlər mümkün qədər ehtiyatlı olmalıdırlar”.

Bu barədə Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru, respublikanın baş pediatrı Nəsib Quliyev BAKU.WS-ə açıqlamasında bildirib. Onun sözlərinə görə, uşaqlar arasında mövsümü xəstəlik var.

“Bizim xəstəxanada da müraciət edənləri sayı artıb. Lakin burada elə də narahatedici məqam yoxdur. Bu gün ölkədə virus xəstəliyinin epidemiyası halları müşahidə olunmur.

Şükürlər olsun ki, koronavirus Azərbaycanda yoxdur. Bu o demək deyil ki, sabah hər şey qaydasında olacaq. Ona görə də uşaqları iqlimə uyğun olaraq həm qidalandırmaq, həm də geyindirmək vacibdir", - deyə Nəsib Quliyev bildirib.

Baş pediatr deyir ki, indi havaların dəyişkən keçməsi uşaqların tərləyib-soyuması ilə nəticələnir:

“Valideynlərə məsləhətimiz odur ki, uşaqları havaya uyğun geyindirsinlər. Günəşli hava bir az nazik, soyuqda isti geyinsinlər. Uşaqların qidalanmasına fikir verməlidirlər. Ac halda uşaqları məktəbə, bağçaya göndərmək olmaz”.