"Ticarət mərkəzlərində elə yolka var ki, onun bəzədilməsi 3-5 min manata başa gəlir".

İqtisadiyyat.az xəbər verir ki, bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Xalid Kərimli deyib. Ekspertin sözlərinə görə, yolka və aksesuarlarının alış qiymətləri də əvvəlki illərlə müqayisədə artıb:

"Bu, qısamüddətli fəsli təlabatdır. 10 gündən sonra bunu nə alan olacaq, nə də satan. Yolkaların növləri var, hərə öz büdcəsinə görə davranmalıdır. Dövlət heç bir formada bu bazara müdaxilə etmir. Təlabatın artması imkan verir ki, sahibkarlar, satıcılar istədiyi qiyməti təyin etsinlər. Bu oyuncaqlar Bakıya əsasən Rusiya, Belarus və Çindən gətirilir. Formalaşmış bazar qiymətləridir, riskləri də çoxdur. Əgər bunu sata bilməsələr, 1 il anbarda qalacaq. O zaman xərclər daha da çoxalacaq. Ona görə çalışırlar ki, bayram qabağı riskləri bağlaya bilsinlər”. 

Xalid Kərimli hesab edir ki, gömrük və verginin düzgün işləməsi qiyməti artıran məsələlərdir:

"Çünki hər birinin üstündə idxal, vergi rüsumu var. Onları hesablayanda qiymətlərə təsir edir. Yolka seçimi artıq vətəndaşın büdcəsinə qalıb. Yəni, vətəndaşa heç kəs məcbur etmir ki, sən mütləq bu yolkanı almalısan. Almaya da bilər. Bazar iqtisadiyyatıdır, kim nəyi istəsə ala bilər və yaxud da kimsə yolka alırsa, mən də almağa məcbur deyiləm”.