Ötən bazar günü Bakının maşın bazarında əvvəlki gündən daha çox avtomobilin satışa çıxarılması müşahidə olunub. Maşınların kütləvi satışa çxıarılması isə böyük maraq doğurub.

Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının icraçı direktoru, nəqliyyat eksperti Eyyub Əliyev İqtisadiyyat.az-a açıqlamasında bildirib ki, avtomobil bazarında əsasən köhnə maşınlar satışa çıxarılıb. Bunun başlıca səbəbi hibrid və elektrik avtomobillərə olan marağın artmasıdır. 

Onun sözlərinə görə, avtomobillərin utilizasiyası ilə bağlı qərardan sonra əksər sürücülər köhnə avtomobillərindən azad olmaq istəyirlər:

"Həmin sürücülər yeni avtomobil almağa daha çox üstünlük verirlər. Xüsusən də mühərrik həcmi yüksək olan avtomobillərə maraq çoxalıb. Eyni zamanda 2021-ci ildə ölkə başçısı İlham Əliyevin elektrik mühərriki ilə işləyən avtomobillərin satışının ƏDV-dən azad edilməsi ilə bağlı imzaladığı sərəncamdan sonra ekoloji avtomobillərə maraq daha çox artıb". 

Bazardakı qiymətlə bağlı vəziyyətə gəlincə, ekspert ikinci əl avtomobillərin süni şəkildə bahalaşdırıldığını vurğulayıb. Onun sözlərinə görə, bu avtomobillərin qiymətini alverçilər təyin edirlər və onlar vəziyyətdən sui-istifadə edərək qiymət artımına yol verirlər:

"Alverçilər bilirlər ki, artıq bazara 10 ildən artıq yaşı olan avtomobil daxil olmur. Ona görə də əllərində olan həmin avtomobillərin qiymətini süni şəkildə artırırlar. Məsələn, əvvəlki dövrlə müqayisədə hazırda "Prius" markalı avtomobillərin qiymətində 2000-2500 manat civarında fərq var. Eyni zamanda buraxılış ili 10 ildən yuxarı olan digər avtomobillərin qiymətində də artım müşahidə olunur. Alverçilər yaranan qıtlıqdan istifadə edirlər. Avtomobil bazarı azad biznes sahəsi hesab olunur. Ona görə də alverçilər müstəqil qərar verə bilirlər. Hazırda hibrid və elektrikli avtomobilləri 10-20 faizlik ilkin ödəniş edərək əldə etmək mümkündür. Bu prosedur benzinlə işləyən avtomobillərə də şamil olunarsa, alverçilər köhnə avtomobillərin satışında süni qiymət artımına yol verə bilməyəcəklər".

Gülşən Şərif