“Azerspace-1” telekommunikasiya peykinin orbitdə sığortalanması üçün sərf olunacaq vəsait açıqlanıb.

İqtisadiyyat.az xəbər verir ki, peykin bir illik orbitdə sığorta dəyəri 1 436 500 manat təşkil edir.

“Azerspace-1” peykinin sığortalanmasını “Paşa Sığorta" ASC həyata keçirəcək.

Qeyd edək ki, müqavilə müddəti bir ildir. Bu müddət 2024-cü ilin fevralından 2025-ci ilin fevralına qədər olan dövrü əhatə edir. Sığorta olunacaq əmlakın dəyəri 66,5 milyon dollardır.

Xatırladaq ki, "Azerspace-1" 2013-cü ilin fevralın 8-də Fransız Qvianasında (Cənubi Amerika) yerləşən Kuru kosmodromundan Fransanın Arianespace şirkəti tərəfindən "Ariane-5" daşıyıcı raketi ilə buraxılıb. "Azerspace-1"in istismar müddəti azı 17 ildir. Ümumilikdə 230 milyon ABŞ dollarına başa gələn peyki Amerikanın "Orbital Sciences Corporation" şirkəti tərəfindən inşa olunub.