Londonda ICB/ICFM Global - Böyük Britaniyanın nüfuzlu və peşəkar mühasib təşkilatı - Sertifikatlı Maliyyə Menecerləri İnstitutu tərəfindən Avropanın və MDB-nin beynəlxalq peşəkar mühasibat təşkilatlarının, aparıcı şirkətlərinin nümayəndələrinin, mühasibat, vergi, investisiya, maliyyə nəzarəti və iqtisadiyyatın digər sahələrinin aparıcı mütəxəssislərinin, mühasib, maliyyə menecerlərinin iştirakı ilə növbəti Beynəlxalq Sammit keçirilib.

İqtisadiyyat.az xəbər verir ki, sammit, ənənəvi olaraq hər il olduğu kimi bu il də 4-11 noyabr tarixlərində baş tutub.

Bu toplantı maliyyəçilər üçün davamlı inkişaf proqramına uyğun mövzuları əhatə edən canlı panel çıxışlarından, sosial toplantılardan, uğurlu mühasibat karyerası, biznesi üçün taktiki məsləhətləri və sübut edilmiş strategiyaları bölüşmək üçün "networking" müzakirələrdən, yarışlardan və texnologiya sərgilərindən ibarət idi.

Tədbirdə ICB/ICFM-in Azərbaycanda rəsmi nümayəndəsi - Azərbaycan Professional Maliyyə Menecerləri Assosiasiyasının (APFM) üzvləri iştirak etdilər.

Sammit çərçivəsində mühasib və maliyyəçi peşəsinin, eləcə də iqtisadiyyatın inkişafına töhfə verən, mühasiblərin nüfuzunun yüksəldilməsində rolu olan şirkətlər və maliyyəçilərə 14-cü Beynəlxalq LUCA mükafatının təqdimat mərasimi keçirildi. Mühasibatlıq dünyasının Oskarı sayılan bu mükafat Luca Paciolinin şərəfinə təsis edilmiş və maliyyə sahəsinin yüksək nailiyyətlərini tanıdan nüfuzlu mükafat sayılır.

APFM-in korporativ üzvləri də (ölkəmizin nüfuzlu təşkilatlarının nümayəndələri) bu tədbirdə Azərbaycanı təmsil edərək müxtəlif nominasiyalar üzrə "LUCA 2023" mükafatı ilə təltif olunub. Mükafatlar rəsmi ziyafətdə Sertifikatlaşmış Maliyyə Menecerləri Institutunun İcraçı direktoru Garry Carter tərəfindən təqdim olunub.

Azərbaycanın maliyyə menecerləri “For Contribution to the Development of Financial Profession” (Maliyyə peşəsinin inkişafina verdiyi töhfəyə görə), "Best Financial Director" (İlin Maliyyə Direktoru), "Best Company" (İlin şirkəti), "Best Financial Manager" (İlin Maliyyə Meneceri), "Best Chief Accountant" (İlin Baş Mühasibi), "Best Accountant" (İlin Mühasibi), "Best Financier" (İlin Maliyyəçisi), "Best Specialist in Accounting" (Mühasibatlıq üzrə İlin mütəxəssisi), "Best Training Centre" (İlin tədris mərkəzi), “Best Tutor” (İlin Təlimçisi) və "Best student" (İlin tələbəsi) nominasiyaları üzrə mükafatlandırılıb.