Amerikalı diplomatlar Azərbaycanı bu layihənin döyünən ürəyi hesab edirlər.

Millət vəkili Tahir Mirkişili Redaktor.az-a açıqlamasında Azərbaycanın “Bir kəmər - Bir yol” layihəsində roluna aydınlıq gətirib. Millət vəkili hesab edir ki, “Bir kəmər - Bir yol” layihəsi təşəbbüsünün tarixi daha çox Azərbaycanla bağlıdır:

“2008-ci ildən etibarən dünya iqtisadiyyatında baş verən böhran, bütövlükdə dünya iqtisadiyyatının inkişaf sürətini zəiflətməyə başladı. Dünya iqtisadiyyatının həcmini artırmaq üçün ölkələr arasında əlaqələrin genişlənməsinə ehtiyac var idi. Bunun üçün yeni təşəbbüslərə, eyni zamanda iqtisadi əməkdaşlığın yeni formatının yaradılmasına ehtiyac var idi. Azərbaycandan keçən qədim İpəkyolunun yenidən dirçəldilməsi ilə bağlı hər zaman müxtəlif təşəbbüslər olub. Azərbaycan müstəqillik əldə etdikdən sonra bu ideya yenidən gündəmə gəldi. Çinin 2013-cü ildən etibarən irəli sürdüyü “Bir kəmər - Bir yol” layihəsi əslində yeni bir layihə deyil. Çinin irəli sürdüyü bu layihə həm maliyyə, həm də əhatəlilik baxımından bu təşəbbüslərin içində ən böyüyüdür. Bu layihə 65 ölkəni əhatə edir. Layihənin bütövlükdə maliyyə yükü təxminən 1 trilyon dollardan çoxdur. Bu qədər ölkəni və bu həcmdə maliyyəni özündə birləşdirən layihə olduğuna görə hazırda bütövlükdə materikdə iqtisadi əməkdaşlıq formatını dəyişib”.

Millət vəkili vurğulayıb ki, eyni zamanda bu layihə həm də siyasi əlaqələrin genişlənməsi üçün əvəzedilməz platformadır:

“Yol Azərbaycandan keçdiyi üçün bu layihənin həyata keçməsi Azərbaycanın iqtisadi cəhətdən güclənməsi, geosiyasi və geoiqtisadi nüfuzunun artması və Azərbaycanın öz milli maraqlarının təmininə şərait yaradacaq. Bu layihədə keçmiş SSRİ ölkələrindən cəmi 4 ölkə iştirak edir ki, bunlardan da biri Azərbaycandır. Bu gün Azərbaycanın həyata keçirdiyi infrastruktur layihələri, ölkənin qonşularla (Ermənistan istisna) kifayət qədər konstruktiv münasibətlərinin olması, ölkənin öz iqtisadi imkanlarının kifayət qədər böyük olması, ictimai-siyasi vəziyyətin sabitliyi bütövlükdə layihənin həyata keçməsində mühüm rol oynayır. Çinin qəbul etdiyi bu layihə İspaniyaya qədər uzanan bütövlükdə infrastruktrun dəyişilməsini nəzərdə tutur. Çin təkcə özü bu layihəyə insfrastrukturun yenilənməsi üçün 113 milyard dollar investisiya qoymağı planlaşdırır. Digər ölkələrin də qoyacağı investisiyanı nəzərə alsaq, burada çox böyük rəqəm alınır”.

T.Mirkişili qeyd edib ki, Azərbaycan ilk gündən etibarən layihənin həyata keçməsində həm yaradıcı, həm də öz imkanlarını təqdim edən və gələcəkdə həyata keçirilən layihələrdən daha çox iqtisadi gəlir əldə etməyi bacaran dövlətdir.

Sabiq maliyyə naziri Fikrət Yusifov da məsələ ilə bağlı saytımıza danışıb. Sabiq nazir bildirib ki, Çinin Azərbaycanla əməkdaşlıqda böyük maraqları var:

“Çinin Qərblə Şərqi  birləşdirən bir məkan kimi Azərbaycana olan maraqları olduqca böyükdür. Təbii ki, coğrafi yerləşməmiz, iqtisadi sahədə apardığımız davamlı islahatlar, ölkədə artıq illərlədir hökm sürən ictimai-siyasi sabitlik Çin kimi böyük və güclü bir dövləti bizimlə əməkdaşlıqda maraqlı edə bilən əsas şərtlərdir. Heç şübhəsiz biz də dünyanın iqtisadi cəhətdən ikinci nəhəng ölkəsinin bizə olan münasibətindən maksimum yararlanmaq istəyindəyik. Çindən qərbə daşınan yüklərin az bir hissəsinin Azərbaycan üzərindən keçməsi bizə böyük ölçülərdə valyuta gəlirləri gətirə bilər. Ölkələrimiz arasındakı münasibətlərdə bizim başlıca hədəflərimizdən biri və mən deyərdim ki, birincisi tranzit yükdaşımaları sahəsində əməkdaşlığı yüksək səviyyədə qurmaqdan ibarətdir”.