Azərbaycanda vəkillərin sayı 2500-ü ötüb. 

İqtisadiyyat.az xəbər verir ki, bunu Vəkillər Kollegiyasının sədri Anar Bağırov vəkilliyə namizədlərin təntənəli andiçmə mərasimində çıxışı zamanı deyib. 

O bildirib ki, ölkəmizdə vəkillik üçün lazımi şərait yaradılıb. Sədr söyləyib ki, eyni zamanda Azərbaycanda qadın vəkillərin sayı da artmaqdadır. 

A.Bağırov Azərbaycanda vəkilliyin tarixindən, inkişafından və getdikcə daha da yüksələn nüfuzundan danışıb, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş müstəqil Azərbaycan vəkilliyinin bu gün daha da böyüdüyünü, gücləndiyini və vətəndaşların hüquqi yardıma çatımlılığının tam təmin edildiyini vurğulayıb.

Sədr Prezident cənab İlham Əliyevin tövsiyəsinə uyğun olaraq vəkillərin sayının artdığını, dövlət başçısının ölkədə vəkillik fəaliyyətinin gücləndirilməsinə çox böyük dəstək göstərdiyini bildirib, ARVK-nın beynəlxalq əlaqələrinin qurulmasından, çoxsaylı nüfuzlu təşkilatlara üzv qəbul edilməsindən, “İnsan hüquqları aylığı” çərçivəsində vəkillərin fəal iştirakından söz açıb, habelə digər məsələlər barədə tədbir iştirakçılarına məlumat verib. Bildirilib ki, müxtəlif bayramlar və o cümlədən “İnsan hüquqları aylığı” çərçivəsində 1500-ə yaxın vətəndaşa pulsuz hüquqi yardım göstərilib.

Həmçinin Anar Bağırov son dövrlər vəkillikdə informasiya və kommunikasiya texnologiyalarının tətbiqinə böyük üstünlük verildiyini bildirib, Kollegiya tərəfindən yaradılan “Elektron vəkil orderi” sisteminin hazırkı fəaliyyətindən danışıb, o cümlədən bu sistem vasitə ilə 47 Vəkil Bürosunda və fərdi qaydada fəaliyyət göstərən 20 vəkil tərəfindən indiyədək ümumilikdə 1300-ə yaxın müqavilə imzalandığını vurğulayıb.