Növbəti ildən Azərbaycanda şprislərin fiziki parametrlərinin yoxlanılması prosesi başlanılacaq.

Oxu.Az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Səhiyyə nazirinin müavini Elsevər Ağayev bildirib.

Onun sözlərinə görə, bütün dərman preparatlarında olduğu kimi, tibb vasitələrində sterilliyi olmayan tibb vasitələrinin Səhiyyə Nazirliyi tərəfindən sterilliyi yoxlanılıb və bunun standartları müəyyənləşib:

“Azərbaycanda istehsal olunan şprislərin standartı müəyyənləşib. Bəzi qurumlar və qeyri-hökumət təşkilatları tərəfindən vurğulanır ki, üç hissəli şprislərlə bağlı qadağa yoxdur. Bu cür şprislər bütün dünyada istifadə olunur.

Buna görə də üç hissəli şprislərin saxta olması iddiası ilə bağlı əhalini yanlış yola yönəltmək düzgün deyil. Azərbaycanda istehsal olunan şprislər müasir tələblərə görə iki hissəlidir. Bu şprislərin standartları Azərbaycanın müvafiq institutu tərəfindən təsdiq olunub”. 

“Biz Azərbaycana idxal olunan şprislərlə bağlı öz qurumlarımıza tapşırıq vermişik. Apteklərdə yoxlamalar aparılan zaman onlardan nümunələr götürülür və sterilliyi Səhiyyə Nazirliyinin laboratoriyaları tərəfindən bir daha yoxlanılır. 

Bundan sonra şprislərin fiziki parametrləri də yoxlanılacaq. Gələn ildən Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzində bununla bağlı laboratoriyalar quraşdırılacaq. Bu şprislərin ucluqları və polietilen keyfiyyəti yoxlanılacaq”, - deyə nazir müavini qeyd edib.