Yeni qanun layihəsinin qəbulu ilə qiymətləndirmə fəaliyyəti sahəsində mövcud olan boşluqlar aradan qaldırılacaq.

İqtisadiyyat.az xəbər verir ki, bununla bağlı məsələ Milli Məclisin İqtisadi siyasət komitəsinin oktyabrın 23-də keçirilən iclasının gündəliyində ikinci oxunuşda müzakirəyə çıxarılan “Qiymətləndirmə fəaliyyəti haqqında” qanun layihəsində öz əksini tapıb.

Altı fəsil, 27 maddədən ibarət olan qanun layihəsi qiymətləndirmə fəaliyyətinin təşkili, qiymətin funksiyası, qiymətləndirilmənin verdiyi dəyərin əhəmiyyəti, dövlət mülkiyyətinin özəlləşdirilməsi, bazar iqtisadiyyatının formalaşdırılması kimi amilləri özündə ehtiva edir.

Sənədin qəbul edilməsində məqsəd qiymətləndirmə fəaliyyəti sahəsində mövcud olan boşluqların və problemlərin aradan qaldırılması, fiziki və hüquqi şəxslərin qiymətləndirmə fəaliyyəti ilə məşğul olması ilə bağlı tələblərin müəyyən edilməsi, ümumilikdə qiymətləndirmə fəaliyyəti ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsinə xidmət edəcək.

Layihəyə əsasən, Azərbaycanda qiymətləndirmə fəaliyyəti 20 istiqamətdə aparılacaq.

Sənəd layihəsinə əsasən, bu qanunun 5.2-ci maddəsi nəzərə alınmaqla, ali təhsilə və 3 ildən az olmayan ümumi iş stajına malik olan, ixtisas imtahanını müvəffəqiyyətlə vermiş və Qiymətləndiricilər Palatasının üzvü olan şəxs qiymətləndirici ola bilər.

Qəsdən ağır və xüsusilə ağır cinayət, habelə xarakterindən və ictimai təhlükəlilik dərəcəsindən asılı olmayaraq korrupsiya cinayəti və qulluq mənafeyi əleyhinə olan digər cinayət, həmçinin iqtisadi sahədə cinayət törətməyə görə məhkumluğu ödənilməmiş və ya götürülməmiş, barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi haqqında qanuni qüvvəyə minmiş məhkəmə qərarı olan şəxslər qiymətləndirici ola bilməzlər.

Qiymətləndirici öz fəaliyyətini müstəqil və ya qiymətləndirici təşkilatla bağladığı əmək müqaviləsi əsasında həyata keçirir. Məcburi qiymətləndirmə 3 ildən az olmayan müddətdə Qiymətləndiricilər Palatasının üzvü olan və ya Qiymətləndiricilər Palatasında akkreditasiyadan keçən qiymətləndirici tərəfindən aparıla bilər.

Sənəd layihəsinə əsasən, qiymətləndirici sifarişçinin yaxın qohumu (ər, arvad, valideynlər və uşaqlar, baba-nənə və nəvələr, doğma və ögey (ümumi ata və anası olan) qardaş və bacılar), kreditoru (borclusu) və ya sığortalısı olduqda, habelə qiymətləndirici təşkilat sifarişçinin kreditoru (borclusu), sığortalısı olduqda və ya sifarişçi qiymətləndirici təşkilata Azərbaycan Respublikası Mülki Məcəlləsinin 49-1-ci maddəsi ilə müəyyən edilən aidiyyəti olan şəxs olduqda tərəflər arasında qiymətləndirmə haqqında müqavilə bağlana bilməz.

Qiymətləndiricilər Palatasının üzvü olmayan şəxslər Azərbaycan Respublikasının ərazisində qiymətləndirmə fəaliyyəti ilə məşğul ola bilməyəcəklər.

Qiymətləndiricilər Palatasının ali idarəetmə orqanı onun üzvlərinin ümumi yığıncağı, icra orqanı isə onun Rəyasət Heyətidir. Qiymətləndiricilər Palatasının Rəyasət Heyəti sədr və onun müavinləri daxil olmaqla 9 üzvdən ibarətdir. Rəyasət Heyətinin sədri, sədr müavinləri və digər üzvləri Qiymətləndiricilər Palatası üzvlərinin ümumi yığıncağında açıq səsvermə yolu ilə 5 il müddətinə seçilirlər. Heç kəs iki dəfədən artıq Qiymətləndiricilər Palatasının Rəyasət Heyətinin sədri seçilə bilməz.

Qanun layihəsi müzakirələrdən sonra ikinci oxunuşda plenar iclasa tövsiyə olunub.