Son 8 ayda dünyada ərzaq qiymətlərinin düşməsi tendensiyası müşahidə olunur. Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının son hesabatı isə noyabrda dünyada ərzaq məhsullarının qiymətlərinin sabit qalmasından xəbər verir.  Bəs Azərbaycanda ərzaq qiymətləri ucuzlaşırmı və ya ən azı sabit qalırmı? Mövzu ilə bağlı iqtisadçı-ekspert Xalid Kərimlinin fikirlərini aldıq. O, ölkəmizdə qiymətlərin artan istiqamətindən söz açdı: “Azərbaycanda sentyabr ayında ərzaq qiymətlərində 3.1 % artım müşahidə olunub, oktyabrda da bu proses davam edib. Daha konkret desək, oktyabrda çörək məhsulları 1.8 %, balıq məhsulları 2.4 %, yumurta 2.7 %, ət və ət məhsulları 2.8 %, tərəvəzlər 5.8 %, çay, qəhvə və kakao məmulatları 6 %-dək bahalaşıb. Bunun da obyektiv və subyektiv səbəbləri var”. 

Dünyada düşən və ya sabit qalan qiymətlərin Azərbaycanda yalnız artan xətlə inkişaf etməsini Xalid Kərimli bəzi yerli istehsalçı və ya idxalçı şirkətlərin inhisarçı mövqeyinin möhkəmliyi ilə əlaqələndirir: “Burada bir məqam ortaya çıxır: qiymət düşmələri nə qədər stabildir? İqtisadiyyat nazirliyinin fəaliyyəti bu məsələdə əsas rol oynayır. Nazirliyin yanında Antiintihar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti istehsalçı və idxalçı sahibkarların  mövqeyinə nəzər salmalıdır. Əgər sahibkar inhisarçı mövqeyə malikdirsə, nazirlik onların qiymətlərini birbaşa diqtə edə bilər ki, qiyməti necə qaldırmışdılarsa, o cür də endirsinlər. Amma biz bu gün sözügedən xidmətin bu yöndə effektiv fəaliyyətini görmürük. Halbuki dövlət inhisarçıları təyin etdikləri qiymətləri endirməyə məcbur etməlidir. Dövlətin “antiinhisar fəaliyyəti haqqında” qanununda bu cür hüquqlar var. 

İqtisadçı öz proqnozlarını da bizimlə bölüşüb. Hər şey bahalaşsa da, bəzi məhsullarda ucuzlaşma gözlənilir: “Əmtəə birjalarında qiymət oynamasının piştaxtalara təsiri məhsulun xarakterindən və satılma tezliyindən də asılıdır. Burada bir neçə aylıq zamana ehtiyac var ki, qiymət düşüşlərini öz piştaxtalarımızda görək. Ət məhsullarının ucuzlaşacağı ilə bağlı gözləntim yoxdur, amma taxıl məhsullarında və duru yağ bazarında qiymətlərin düşəcəyini gözləyirəm”. 

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov isə deyir ki, Azərbaycan bazarı nəzəri cəhətdən dünya bazarına inteqrasiya etmiş olsa da, faktiki olaraq belə deyil: “Biz hətta ümumdünya maliyə böhranında da gördük ki, dünya bazarında bəzi malların qiyməti aşağı düşsə də, Azərbaycan bazarı ona reaksiya vermədi. Əksinə dünya bazarında qiymətlər qalxanda, Azərbaycan bazarı ona daha tez reaksiya verir. Çox təəssüf ki, Azərbaycan istehlakçıları dünya bazarındakı qiymət enməsindən yararlana bilmir. Azərbaycanda bir dəfə qalxan qiymət, bir daha enmir”. 

E.Hüseynov onu da əlavə etdi ki, ölkə bazarında qiymət artımı yeganə problem deyil: “Qiymətin artımı ilə yanaşı keyfiyyətin aşağı düşməsi də davam edir. Bu əlbəttə istehlakçılara böyük zərbə vurur. Biz istehlakçılar bazarın şahıyıq. İstehlakçı hüquqlarını qorumağa cavabdeh olan dövlət qurumları çox təəssüflər olsun ki, üzünü bizə tərəf çevirmir”. 

Mövzunu diqqətdə saxlayacağıq.