Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2023-cü ilin yanvar-mart aylarında 18,6 milyard manatlıq və ya 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 3,2% az sənaye məhsulu istehsal edilmişdir. Neft-qaz sektorunda məhsul istehsalı 4% azalmış, qeyri neft-qaz sektorunda isə 4,7% artıb.

İqtisadiyyat.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, sənaye məhsulunun 72%-i mədənçıxarma sektorunda, 22,6%-i emal sektorunda, 4,7%-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,7%-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.

Mədənçıxarma sektorunda əmtəəlik neft hasilatı 7,4 % azalmış, əmtəəlik qaz hasilatı isə 1,1% artıb.

Emal sektorunda avtomobil, qoşqu və yarımqoşquların istehsalı 2,1 dəfə, ağacın emalı və ağacdan məmulatların istehsalı 78%, əczaçılıq məhsullarının istehsalı 68,8%, poliqrafiya məhsullarının istehsalı 57,1%, kağız və karton istehsalı 44,4%, kompüter, elektron və optik məhsulların istehsalı 35,7%, toxuculuq sənayesi məhsullarının istehsalı 28%, tikinti materiallarının istehsalı 25,8%, maşın və avadanlıqların istehsalı 25,4%, içkilərin istehsalı 25,1%, rezin və plastik kütlə məmulatlarının istehsalı 16,9%, qida məhsullarının istehsalı 13,6%, elektrik avadanlıqlarının istehsalı 8,7%, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 8,2%, tütün məmulatlarının istehsalı 6,6%, mebel istehsalı 1%, neft məhsullarının istehsalı 0,5% artmış, sair nəqliyyat vasitələrinin istehsalı 0,4%, geyim istehsalı 1,1%, hazır metal məmulatlarının istehsalı 1,3%, kimya sənayesi məhsullarının istehsalı 11,2%, metallurgiya sənayesi məhsullarının istehsalı 44,2%, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 46,1% azalıb.

Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 6,1%, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 21,8% artıb.