Azərbaycanda koronavirusa qarşı yeni qoruyucu qurğunun - dezinfesiya tunelinin istehsal başlayıb. 

FED.az xəbər verir ki, dezinfeksiya tuneli buradan keçən şəxslərin koronavirusdan dezinfeksiya edilməsi üçün tətbiq edilən qurğudur. Qurğunun istehsalı ilə Azərbaycanın tanınmış elektrontexnika məhsulları istesalçısı olan «Elsmart» şirkəti məşğuldur. 

Şirkətin təmsilçisi Elşad Hüseynov FED.az-a bildirib ki, dezinfeksiya tuneli tam avtomatlaşdırılıb və sensorlar vasitəsi ilə qısa müddət ərzində şəxsin həm əllərini ,həm də üzərini hec bir toxunma olmadan tam dezinfeksiya edir. Bunun üçün qurğunun daxilinə dezinfeksiya edici mayeni püskürtmə avadanlığı quraşdırılır. Nəticədə tunelin içindən keçən şəxslərin geyimləri belə bütün bakteriya və viruslardan təmizlənir. Bu halda tunelin insan sağlamlığına heç bir ziyanı olmur. 

Dezinfeksiya tunelinin hündürlüyü 2 metr, uzunluğu 2 metr, eni isə 1,3 metrdir, amma sifarişdən asılı olaraq, uzunluq 1- 1,5 və ya 3 metr ola bilər. 

E.Hüseynovun sözlərinə görə, avadanlığın içərisində püskürmə effekti almaq üçün suvarma sistemində istifadə olunan ucluqlardan istifadə olunur: «Ucluqlardan əlavə, buraya yüksək təzyiqli xüsusi mühərrik yerləşdirilir ki, mayenin daha narın yayılması və toz halında dağılması təmin edilsin». 

Tunelin konstruksiyası – karkası tam şəkildə ölkə daxilində baş verir, bu qurğular şirkətin Binaqədi ərzisindəki yeni istehsal sahəsində yığılır. Dezinfeksiya üçün istifadə edilən maye isə İqtisadiyyat Nazirliyi tərəfindən texniki yoxlamalardan keçən, sertifikatlaşmış maddədir: «Bu maye qurğudakı xüsusi çənə vurulur. Çənin həcmi 50-200 litr arasında dəyişir. Onun sərfiyyatı tuneldən keçən insanların sayandan asılı olaraq dəyişir. Bak boşaldıqca rahat şəkildə yenidən doldurula bilir». 

Çəndəki 200 litr maye 3500-4000 nəfərin tuneldən keçərək dezinfeksiya olunmasına imkan verir. 

Dezinfeksiya tunelləri dünya təcrübəsinə uyğun olaraq market, məktəb, bağça, iri zavodların qarşısında qurula bilər. Eləcə də, bu tunellərdən uşaq bağçaları və məktəblərin girişində, metroların girişində, insanların daha çox toplandığı avtobus dayanacaqlarında istifadə edilə bilər. İnsanlar özləri bu tunelə daxil olaraq dezinfeksiya oluna bilərlər.

E.Hüseynov bildirir ki, «Elsmart» şirkəti bu qurğuları təkcə ölkə daxilində deyil, xaricə də satmaq niyyətindədir: «Bizim tunelin yığılmasında iştirakımız, layihələnməsi, dizaynı, məhsulun markaya çevrilməsi üçün və bundan sonra onun xaricə də ixracı təşkil ediləcək. Hazırda bunun xarici ölkələrə satışı üçün sənaye tipli dizaynı hazırlanır. Eləcə də texniki sertifikatlaşma üzərində iş gedir». 

Müəsssənin gücü gündə 25-30 ədəd tunel istehsal etməyə imkan verir, sifariş olarsa, bu rəqəmi 50-70-ə də qaldırmaq mümkündür. 

E.Hüseynov bildirib ki, tunellərin funksionallığının artırılması, hətta daşına bilən, xüsusi təkərləri olan variantlar da hazırlamaq mümkündür: «Belə qurğuları gömrük və ya sərhəd məntəqələrində rahat şəkildə yerləşdirmək və ehtiyac olarsa, yerini dəyişmək olar. Hazırda tunellərin istehsalı üçün 3 dizayn düşünülüb, və onun əsasında 6 müxtəlif formada məhsulun hazırlanması planlaşdırılıb». 

Artıq şirkət bu tunellərin hazırlanması üçün 50-yədək sifarişlər alıb, indiyədək hazırlananlar quraşdırılıb, yeni sifrişlər isə hazırlanmaqdadır. «Elsmart»da bildirirlər ki, tunelin pulunu hissə hissə də ödəmək mümkünür, hazırda banklar işləmədiyinə görə, şirkət ödənişi öz imkanları hesabına hissə-hissə ödənişə şərait yaradır.