Səhiyyənin yeni maliyyələşmə mexanizmi olan icbari tibbi sığortanın ölkə üzrə tətbiqi əhalinin tibbi xidmətlərə çıxışını asanlaşdırıb, vətəndaşların səhiyyə sistemindən məmnunluq səviyyəsini artırıb.

İqtisadiyyat.az xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri Zaur Əliyev Bakıda ilk dəfə keçirilən Dünyadakı Azərbaycanlı Təbiblərin Simpoziumunda çıxışı zamanı deyib. Onun sözlərinə görə, belə genişmiqyaslı tədbirlər Azərbaycanda tibbin inkişafına töhfədir: “Çox yaxşı olardı ki, xaricdən gələn həkimlərimiz Azərbaycandakı həmkarları ilə mütəmadi əlaqədə olsunlar, əməkdaşlıq etsinlər. Hesab edirəm ki, inkişaf etmiş ölkələrin səhiyyə praktikasını Azərbaycanda tətbiq etmək, tibbin ən son yenilikləri, müayinə və müalicə metodları haqqında məlumatları həmkarları ilə bölüşmələri faydalı olar".

Z.Əliyev qeyd edib ki, vətəndaşlarımızın yerli mütəxəssislər tərəfindən əməliyyat olunması sevindirici haldır:

"Artıq ürək əməliyyatları bir sıra klinikalarda yerli cərrahlar tərəfindən həyata keçirilir. Tibb müəssisələrində, bölgələrdə həkim çatışmazlığı aradan qaldırılması üçün davamlı addımlar atılır. “Tibb müəssisələrində ixtisaslı kadr çatışmazlığının aradan qaldırılmasına dair 2022-2023-cü illər üçün Proqram” çərçivəsində xaricdə oxuyan və işləyən 66 həkim-mütəxəssis bölgələrdə işə cəlb edilib. Proqramı müddəti daha bir il uzadılıb".