“Ötən illə müqayisədə bu il qış mövsümündə Körfəz ölkələrindən və İrandan gələn turistlərin sayı azalıb. Hətta 2018-ci ilin sentyabr ayından Körfəz ölkələrindən gələn turistlərin sayı azalıb”.

Bu barədə turizm üzrə ekpsert, Hotellər və Restoranlar Assosiasiyasının üzvü Dinara Ağaliyeva bizimyol.info-ya açıqlamasında bildirib.

O deyib ki, turistlərin sayının azalmasının ölkə daxili və xarici amillər səbəb olub.

“Biz daha çox turistləri ərəb ölkələrindən və İrandan gözləyirik. Amma ötən illərdən fərqli olaraq bu il gözləntimiz özünü doğrultmadı. Bunun səbəbləri var. Səbəblərdən biri Körfəz ölkələrin iqtisadiyyatında qeyri-sabitliyin müşahidə olunması, İran hökumətinin isə dollara qarşı bəzi maneələr qoyduğu üçün yerli əhalinin xarici çıxmaq imkanlarının daralmasıdır. Digər səbəb isə odur ki, Azərbaycana vizanın qiyməti rəsmi olaraq 20 dollar olduğu halda, mənbələrə görə bəzi Körfəz ölkələrində vizanın qiymətini süni olaraq arıtırıb 50 dollar ediblər”,- deyə D.Ağayeva bildirib.

Ekspert deyib ki, turizmlə bağlı siyasət doğru olsa da, turizm sahəsində qeyri-peşəkarlığın olması, süni qiymət artımı turistlərin artmasına mane olur: “İxtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi qəbul edilib. Bəli, Azərbaycanın turizmin inkişafı ilə bağlı siyasəti doğru idi. Amma təəssüf olsun ki, turizm sahəsində qeyri-peşəkarlıq olduğuna görə, biz bu siyasəti qoruyub saxlaya bilmədik. Artıq xarici turistlər Azərbaycana birdəfəlik ölkə kimi baxırlar. Yəni bir dəfə Azərbaycana gələn turist bir də gəlmir. Çünki əlavə xidmətlər yoxdur. Turistləri 2-3 gün Bakını gəzdirirlər. Ora Qobustan, İçərişəhər, Yanardağ, Atəşgah daxildir. 2-3 gün də Qəbələ-Oğuz bölgəsində turistlər gəzirlər.

Xidmət sahəsində olan problemlər hələ də qalır. Məsələn, “Yeddi Gözəl” şəlaləsinə girişi 7 manat ediblər. Şəhərdə 40 qəpiyə satılan suyu Şahdağ kurortunda 5 manata satırlar. Bu düzgün qiymət siyasəti deyil. Biz infrastrukturu tikdik-qurduq, amma xidmət sahəsində qeyri-peşəkarlıq olduğu üçün biz prosesi başa çatdıra bilmədik. Bu templə getsək Azərbaycanda turizmin inkişafından söhbət gedə bilməz”.

Ekspert bildirib ki, bu problemlərin həlli üçün öncə maarifləndirmə işinə ehtiyac var: “İkincisi, əyləncə mərkəzlərinin sayı artırılmalıdır. Belə ki, Şahdağ və Tufandağ kurortlarından başqa əyləncə yerlərimiz də olsun.
Təyyarə biletlərində qiymət yüksəkdir. Azərbaycandan fərqli olaraq Gürcüstanda təyyarə biletlərinin qiyməti ucuz olduğuna görə ora gələn turistlərin sayı artıb.

Bu yay Hindistandan və Pakistandan turistlərin gələcəyi gözlənilir. Amma turizm siyasətində dəyişiklik edilməsə də, həmin bazar da bizim üçün bağlanacaq”.