Ötən il Azərbaycanda mədənçıxarma sənayesində istehsalın ümumi dəyəri 44 919,8 mln. manat olmaqla, 2022-ci ilin göstəricisinə nisbətən 2,5% azalıb.

Bu barədə İqtisadiyyat.az Dövlət Statistika Komitəsinin aylıq hesabatına istinadən xəbər verib.

Hesabata əsasən, qeyd olunan ümumi göstəricidən 41 982,9 mln. manat xam neft və təbii qazın hasilatının payına düşüb, bu da illik müqayisədə 2,4% azdır.

Hesabat dövründə sahənin əsas məhsulu olan əmtəəlik neft hasilatı 30 083,1 min. ton, əmtəəlik təbii qaz hasilatı isə 36 413,8 mln. kubmetr təşkil edib.

“Əmtəəlik neft hasilatı əvvəlki il ilə müqayisədə 7,6% azalıb, əmtəəlik qaz hasilatı isə 4,2% artıb”, - hesabatda qeyd olunub.

Qeyd edək ki, hesabat dövründə Azərbaycanda cəmi 30 189,6 min ton neft (7,5% azalma) və 48 496,7 mln. kubmetr qaz (3,8% artım) hasil edilib.