Azərbaycan və Dünya Bankı Xəzər dənizindən Avropaya enerji ötürülməsi ilə bağlı layihələri istiqamətində görülən işləri müzakirə edib.

İqtisadiyyat.az-ın Energetika Nazirliyinə istinadən verdiyi xəbərə görə, bu barədə energetika naziri Pərviz Şahbazovun Dünya Bankının Azərbaycandakı ofisinin yeni təyin olunmuş ölkə meneceri Stefanie Stallmeister ilə görüşündə bildirilib.

Söhbət zamanı Dünya Bankının texniki və maliyyə dəstəyi ilə ölkəmizdə layihələrin həyata keçirilməsi yüksək qiymətləndirilib, Bank ilə əməkdaşlıq məsələləri, Azərbaycanın enerji sektorunun prioritet inkişaf istiqamətləri barədə fikir mübadiləsi aparılıb.

Həmçinin, enerji keçidi, enerji səmərəliliyi, bərpa olunan enerji, o cümlədən Xəzər dənizində külək enerjisinin potensialının qiymətləndirilməsi barədə məlumat verilib.

Görüşdə həmçinin, 2023-2028-ci illəri əhatə edən Dünya Bankı Qrupunun Azərbaycan üzrə yeni Ölkə Tərəfdaşlıq Çərçivə Sənədinin hazırlanmasına da toxunulub.