İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyindəki Azərbaycan Akkreditasiya Mərkəzi (AzAK) Dövlət Neft Şirkəti (SOCAR) ilə Anlaşma Memorandumu imzalayıb.

İqtisadiyyat.az bu barədə Dövlət Xidmətinə istinadən xəbər verir.

Sənədə əsasən, tərəflər elmi-texniki məsələlər üzrə birgə məsləhətləşmələr, təcrübə mübadiləsi həyata keçirəcək, qarşılıqlı metodoloji yardımın göstərilməsi və yüksək ixtisaslı mütəxəssislərin akkreditasiya prosesinə cəlb edilməsi istiqamətində əməkdaşlıq edəcəklər.

İmzalanma mərasimində Dövlət Xidmətinin istehlakçıların tələbatının qabaqcıl ölkələr səviyyəsində təminatı üçün keyfiyyət infrastrukturunun inkişafı istiqamətində həyata keçidiyi tədbirlər barədə məlumat verilib. Həmçinin uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya prosesi üzrə prioritet məsələlər müzakirə olunub. Bildirilib ki, ölkədə akkreditasiya sisteminin Akkreditasiya üzrə Avropa Əməkdaşlığı Təşkilatının (EA), Laboratoriyaların Akkreditasiyası üzrə Beynəlxalq Əməkdaşlıq Təşkilatının (ILAC) tələblərinə uyğun təşkil edilməsi, akkreditasiya prosesinin sonunda veriləcək qərarların əsaslılığının təmin edilməsi üçün AzAK-a yüksək ixtisaslı mütəxəssislərin cəlb edilməsi zəruridir.

Görüşdə həmçinin SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin ölkənin neft-qaz və neft-kimya sənayesi sahəsində ixtisaslı kadrların hazırlanması üzrə keçirdiyi təlimlərin əhəmiyyəti də vurğulanıb.