Azərbaycanda koronavirusaa qarşı tədbirlər üçün büdcədən 1 milyard 350 milyon manat ayrılıb. Bunun 350 milyon manatı birbaşa olaraq koronavirusun müalicəsi və dezinfeksiya işlərinə sərf ediləcək. 

İqtisadiyyat.Az xəbər verir ki, bu barədə maliyyə naziri Samir Şərifov prezident İlham Əliyevin sədrliyi ilə keçirilən müşavirədə bildirib. 

"Bu vəsaitin 350 milyon manatlıq hissəsi bir sıra zəruri tibbi ləvazimatların və avadanlıqların təxirəsalınmadan alınması, dövlət və özəl tibb müəssisələrində çalışan tibb işçilərinə, cəlb olunmuş könüllülərə xüsusi əlavə və müavinətlərin ödənilməsi, ölkədə dezinfeksiya işlərinin genişləndirilməsi və digər tibbi ehtiyacların maliyyələşdirilməsinə yönəldilir" -deyə nazir bildirib.

Prezident İlham Əliyev isə koronavirusa qarşı tədbirləri sadalayarkən bildirib ki, təkcə lazımi avadanlıqların, ləvazimatların alınması üçün bu yaxınlarda Prezidentin ehtiyat fondundan 97 milyon manat ayrıldı: «Bundan sonra da ilin sonunadək nə qədər lazımdırsa, hələ 150 milyon manatın ayrılması da nəzərdə tutulur. Bu, 2,5 milyard manatın içində deyil».