Avstraliya rəsmi yazışmalarda yenidən “işğal edilmiş Fələstin əraziləri” anlayışından istifadə edəcəyini açıqlayıb.

İqtisadiyyat.az dünya mətbuatına istinadən xəbər verir ki, bu qərarı Avstraliyanın xarici işlər naziri Penni Vonq parlamentə verdiyi açıqlamada qeyd edib.

O, bu qərarın Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının (BMT TŞ) qətnamələrinə və Böyük Britaniya, Yeni Zelandiya və BMT kimi əsas tərəfdaşların mövqelərinə uyğun olduğunu bildirib.

Vonq rəsmi yazışmalarda "işğal edilmiş Fələstin torpaqları" sözünün yenidən istifadə edilməsi ilə Qərbi Şəriyənin İsrail tərəfindən işğal edildiyini qəbul etdiklərini vurğulayıb.

Fələstin Xarici İşlər Nazirliyi də Avstraliyanın qərarını və sülh prosesindəki səylərini alqışladıqlarını açıqlayıb.

Avstraliyanın Qərbi Qüds qərarı

Avstraliya hökuməti 18 oktyabr 2022-ci ildə Qərbi Qüdsün İsrailin paytaxtı kimi tanınması ilə bağlı əvvəlki hökumətin 2018-ci ildə qəbul etdiyi qərarını ləğv etdiyini açıqlayıb.

Avstraliyanın xarici işlər naziri Vonq əvvəlki hökumətin qərarını “birtərəfli və təhlükəli addım” kimi qiymətləndirib.

Vonq bəyan edib ki, ölkəsi İsrail və gələcək Fələstinin beynəlxalq səviyyədə tanınmış sərhədlər daxilində sülh içində yaşayacağı iki dövlətli həll yolunu axtarmağa sadiqdir.