Almaniyanın Hindistandan neft məhsulları idxalının məbləği ilin 7-ci ayında keçən ilin eyni dövrü ilə müqayisədə təxminən 12 dəfə artaraq 451 milyon avroya çatıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Almaniya Federal Statistika İdarəsi (Destatis) məlumat yayıb.

Məlumata görə, Hindistanın Almaniyaya ixracatı yanvar-iyul dövründə 1,7 faiz artaraq 8,7 milyard avroya çatıb. Sözügedən məbləğin 451 milyon avrosu neft məhsullarının payına düşüb.

Ötən ilin yanvar-iyul aylarında Hindistandan 37 milyon avro dəyərində neft məhsulları idxal edən Almaniya bu ilin eyni dövründə idxalını təxminən 12 dəfə artırıb.

Maraqlıdır ki, Almaniyanın neft məhsulları idxalında artım Rusiyanın Ukrayna ilə müharibəyə başlamasından və Hindistanın Rusiya neftinin ən mühüm alıcılarından birinə çevrilməsindən sonra Qərbin tətbiq etdiyi sanksiyalar fonunda baş verib.

ABŞ və Avropa İttifaqının təzyiqlərinə baxmayaraq, Yeni Dehli hökuməti Rusiyaya qarşı sanksiyalara qoşulmayıb və Rusiyanın neft və digər əmtəələri endirimlə almaq təklifini qəbul edə biləcəyini bəyan edib.