“Lufthansa” aviaşirkətinə məxsus Münxen - Tokio reysini həyata keçirən hava gəmisinin kapitanı Heydər Əliyev Beynəlxalq Aeroportuna təcili eniş sorğusu göndərib.

Bu barədə İqtisadiyyat.az-a Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, buna səbəb təyyarədə olan sərnişinin səhhətinin qəfil pisləşməsi olub.

Airbus A350 hava gəmisi yerli vaxtla saat 19:29-da Bakı hava limanına enib.

Sərnişinə tibbi yardım göstərilib və onun Bakıdakı klinikalardan birinə yerləşdirilməsinə qərar verilib.

Təyyarə saat 21:02-də Bakıdan Tokioya yola düşüb.