Azərbaycan Dövlət Reklam Agentliyində (ADRA) “Coco-Cola Azərbaycan”ın nümayəndələri ilə görüş keçirilib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə ADRA məlumat yayıb.

Agentliyin İdarə Heyəti sədrinin müşaviri Elmar Abasovun sədrliyi ilə keçirilən görüşdə qeyd olunub ki, şirkət Azərbaycanda açıq məkanda reklamı yerləşdirilən iri müəssisələrdən biridir.

Bildirilib ki, “Coco-cola” brendinin xüsusilə yay fəslində açıq məkandakı bəzi reklamları, çətirlər və soyuducular üzərindəki məlumatları mövsümi xarakter daşısa da onların yayımından əvvəl Agentlikdən icazə alınması mütləqdir. Bu, qanunvericiliyin tələbidir.

Şirkət nümayəndələri yaxın gələcəkdə açıq məkanda daha çox reklam yayımlamaq niyyətində olduqlarını və bununla bağlı hazırlanan eskizlərin, digər lazımi sənədlərin qısa zamanda ADRA-ya təqdim ediləcəyini bildiriblər.

Görüşdə qanunvericilik aktlarının tələblərinə əməl olunmasının vacibliyi diqqətə çatdırılaraq əməkdaşlığın gələcək perspektivləri müzakirə olunub.