Yanvarın 25-də Ali Məhkəmədə “Femida Dialoq Platforması” çərçivəsində növbəti görüş ölkəmizdə fəaliyyət göstərən ali təhsil müəssisələrinin Hüquq fakültələrinin professor-müəllim heyəti ilə keçirilib.

Bu barədə Ali Məhkəmənin mətbuat xidmətindən İqtisadiyyat.az-a məlumat verilib.

Ali Məhkəmənin və Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov “Femida Dialoq Platforması” barədə ətraflı məlumat verərək bildirib ki, layihənin məqsədi hüquqşünaslar, hüquq müdafiəçiləri, vətəndaş cəmiyyəti institutlarının əməkdaşları ilə fəal müzakirələrin təşkili, ortaya çıxan problemlərin həlli və ölkəmizdə məhkəmə-hüquq sahəsində aparılan islahatlara dəstək verməkdən ibarətdir.

Qeyd edilib ki, ötən il xalqımız və dövlətimiz üçün uğurlu keçib və müasir tariximizin yeni dövrünün başlanğıcına çevrilən hadisələrlə yadda qalıb. Həmin dövrdə ölkəmizin məhkəmə sistemi qarşısında yeni çağırışların meydana gəldiyi diqqətə çatdırılıb. Vurğulanıb ki, elm və texnologiya əsrində çağırışlara cavab vermək üçün məhkəmələrin müasir tələblərə uyğun qurulması, ədalət mühakiməsinin həyata keçirilməsində peşəkarlığın artırılması və idarəetmədə innovativ texnologiyaların tətbiqi və məhkəmə proseslərində çevikliyinin artırılması zamanın tələbidir.

Bildirilib ki, Ali Məhkəmə və bir neçə təhsil ocağı arasında birgə əməkdaşlıq haqqında Anlaşma Memorandumu var. Həmin çərçivədə elm-təhsil müəssisələri ilə əməkdaşlıq daha da genişləndirilməli, birlikdə sinerji yaradılmalıdır. Davamlı inkişaf üçün hüquq elminin tədrisi ilə yanaşı, elmi araşdırmalar da mühüm əhəmiyyət kəsb edir. Ali Məhkəmənin vahid məhkəmə təcrübəsi yaradan qərarlarının öyrənilməsi, onlara dair elmi izahların, şərhlərin verilməsi və tədrisi məhkəmə təcrübəsinin geniş ictimaiyyətə çatdırılmasında, həmçinin hüquq elminin inkişafında müstəsna rol oynana bilər. Bu baxımdan ali təhsil müəssisələri tərəfindən hüquqa dair nəşrlərin təkmilləşdirilməsi və bu sahədə elmi məqalələrin dərc olunması mühüm əhəmiyyət kəsb edir.

Görüşdə iştirak edən Bakı Dövlət Universiteti, Milli Aviasiya Akademiyası, ADA Universiteti, Dövlət Təhlükəsizliyi Xidmətinin Akademiyası, Daxili İşlər Nazirliyinin Polis Akademiyası, “Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi”, Dövlət Gömrük Komitəsinin Akademiyası, Naxçıvan Dövlət Universitetinin və Dövlət İdarəçilik Akademiyasının Hüquq fakültələrinin dekanları və professor-müəllimləri çıxış edərək platforma çərçivəsində keçirilən görüşü yüksək qiymətləndiriblər. Qeyd olunub ki, Ali Məhkəmənin Hüquq fakültələri ilə sıx əməkdaşlığı ölkəmizdə hüquq elminin inkişafına və peşəkar hüquqşünas kadrların yetişməsinə mühüm töhfə verəcək.

Sonra tədbir müzakirələrlə davam etdirilib.