İriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin müşayiət avtomobili ilə müşayiət olunmasına Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, mühafizə avtomobili ilə müşayiət olunmasına isə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi nəzarət edəcək.

İqtisadiyyat.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin tətbiqi barədə fərman imzaladığı “Avtomobil nəqliyyatı haqqında” qanuna edilən dəyişiklikdə əksini tapıb.

Fərmana əsasən, iriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin hərəkət vaxtı və hərəkət sürəti, habelə iriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin avtonəqliyyat vasitələri ilə müşayiət edilməsi tələb olunduqda, hərəkət marşrutu Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi ilə razılaşdırılmaqla) Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi həyata keçirəcək. Həmçinin, fərmana əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə də yeni səlahiyyətlər verilib.

Hərəkət marşrutunun müəyyən edilməsi ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə müraciət ediləcək.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi iriqabaritli və ağırçəkili nəqliyyat vasitəsinin ümumi istifadədə olan avtomobil yolları ilə hərəkət marşrutunun aidiyyəti hissələrinin elektrik, rabitə, su, qaz təchizatı, neft-qaz, dəmir yolu idarə və təşkilatları, avtomobil yollarının digər mülkiyyətçiləri ilə razılaşdırılmasını həyata keçirəcək.

Nəqliyyat vasitəsinin istehsalçısının müəyyən etdiyi texniki xarakteristikası ərizədə göstərilən iriqabaritli və ağırçəkili yükün daşınmasına imkan vermirsə, habelə həmin nəqliyyat vasitəsinin daşıyıcı tərəfindən təqdim olunan marşrut üzrə hərəkət etməsi mümkün deyilsə və ya Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin təklif etdiyi alternativ marşrut üzrə hərəkətə daşıyıcı razılaşmazsa daşıyıcıya icazənin verilməsindən imtina ediləcək.