ABŞ öz inventarından Tayvana 345 milyon dollar dəyərində hərbi dəstək verəcək.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə ABŞ prezidenti Co Bayden açıqlama verib. 

Bildirilib ki, yardım müdafiə materialları, eləcə də hərbi təhsil və təlimi əhatə edən 345 milyon dollarlıq ümumi paketi əhatə edəcək.

Paketin məzmunu ilə bağlı ABŞ Müdafiə Nazirliyindən (Pentaqon) hələ heç bir açıqlama verilməsə də, Tayvana verilən bu dəstəyin Çinin reaksiyası ilə qarşılaşacağına dair şərhlər özünü gözlətməyib.

Bir çox ABŞ qanunvericiləri Tayvana silah satmaq üçün administrasiyaya təzyiq edirdilər.

Çinin öz ərazisinin bir hissəsi kimi tanıdığı Tayvan 1949-cu ildən, Çin Xalq Respublikasının yarandığı vaxtdan de-fakto müstəqillik əldə edib. Çin və Tayvan arasında vətəndaş müharibəsindən sonra yaranan ayrılıq hələ də davam edir.

Pekin “vahid Çin” prinsipini ön planda saxlayaraq, Tayvanın dünya ölkələri ilə müstəqil diplomatik əlaqələr qurmasına, Birləşmiş Millətlər Təşkilatında və digər beynəlxalq təşkilatlarda təmsilçiliyinə qarşı çıxır və onu tanıyan ölkələrin Tayvanla diplomatik əlaqələri kəsməsini şərt qoyur.