ABŞ və onun tərəfdaşları Rusiyanın dondurulmuş aktivlərinin müsadirə edilməsi yollarının müzakirəsində irəliləyiş əldə edir.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə ABŞ maliyyə nazirinin beynəlxalq maliyyə üzrə köməkçisi Brent Nayman məlumat verib.

Onun sözlərinə görə, Qərb ölkələri dondurulmuş Rusiya aktivlərindən Ukraynanı dəstəkləmək üçün istifadə etməyin bütün mümkün yollarını nəzərdən keçirir. O xatırladıb ki, Avropa İttifaqı Rusiya aktivlərindən əldə etdiyi gəliri Kiyevə göndərmək qərarına gəlib: "Tək başına bu mühüm və innovativ yanaşma Ukraynaya ildə milyardlar qazandıracaq və biz indi Ukraynaya daha çox vəsait təmin etmək üçün bu yanaşmanın inkişaf etdirilməsi yollarını nəzərdən keçirməkdə irəliləyiş əldə edirik. Ukraynaya qısa müddətdə kömək etmək üçün əhəmiyyətli məbləğdə kredit vermək və bu kreditin qaytarılmasını gələcək gəlirlərin həcmi ilə əlaqələndirmək lazımdır".

Bu yanaşma Kiyevə ildə 3-5 milyard dollar gəlir gətirəcəkmi sualına o, belə cavab verib: "Bu, bir çox amillərdən asılıdır, faiz dərəcəsi, məzənnə onlardan yalnız biridir". 

Nayman əlavə edib ki, G7 ölkələri Rusiya aktivlərindən istifadənin bir neçə yolunu nəzərdən keçirir, onlardan biri dondurulmuş Rusiya aktivlərindən gələcək gəlirlər müqabilində qısamüddətli kredit verməkdir.