Yaponiyadakı ABŞ qoşunları Noto yarımadasına ciddi ziyan vuran silsilə zəlzələlərdən sonra ölkənin Özünümüdafiə Qüvvələrinə yardım edəcək. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Yaponiyanın müdafiə naziri Minoru Kihara bildirib.

Onun sözlərinə görə, Yaponiya tərəfi ABŞ-dən malların fasiləsiz təchizatını təmin etmək üçün köməklik göstərməsini xahiş edib. Nazir onu da əlavə edib ki, Amerika helikopterləri yanvarın 17-dən tapşırıqları yerinə yetirməyə başlayacaq.

Xatırladaq ki, yanvarın 1-də başlayan silsilə zəlzələlər nəticəsində ölənlərin sayı 222-yə çatıb, 26 nəfər isə itkin düşüb. Fəlakət bölgəsində 20 mindən çox bina tamamilə dağılıb və ya qismən zədələnib.

 

Əli Ağayev