Yəmənin Husi üsyançıları tərəfindən atılan gəmi əleyhinə raket bazar ertəsi Marşal adaları bayraqlı Amerika yük gəmisini vurub. Hadisə nəticəsində ölən və yaralanan olmayıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı "X" platformasında məlumat yayıb.

"Yanvarın 15-də Səna vaxtı ilə saat 16:00-da (Bakı vaxtı ilə 17:00) Husilər Yəməndə nəzarət etdikləri ərazidən gəmi əleyhinə ballistik raket buraxaraq, ABŞ-yə məxsus M/V Gibraltar Eagle gəmisini vurdular. Gəmi heç bir itki və ya əhəmiyyətli dağıntı barədə məlumat verməyib və yoluna davam edir", - məlumatda qeyd edilib.

Bundan əlavə, komandanlıq bildirib ki, yerli vaxtla saat 14:00-da ABŞ Silahlı Qüvvələri Qırmızı dənizin cənubunda gəmiçilik marşrutlarına doğru gəmi əleyhinə raketin buraxılmasını qeydə alıb. Raketin Yəmən ərazisinə düşdüyü, itkilərin olmadığı bildirilir.

Bundan əvvəl "Sky News" kanalı Britaniyanın dəniz təhlükəsizliyi məsələləri üzrə ixtisaslaşmış Ambrey şirkətinə istinadən Amerika ticarət gəmisinin raketlə vurulduğunu bildirmişdi. 

*** 19:43

Yəmənin Ədən şəhərindən atılan raket zərbəsi nəticəsində ölkənin 95 dəniz mili cənub-şərqində bir gəmi vurulub.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Böyük Britaniya Hərbi Dəniz Qüvvələrinin (HDQ) Dəniz Ticarət Koordinasiya Ofisi (UKMTO) məlumat yayıb.

Məlumata görə, zərbə havadan endirilib. Hələlik hadisə barədə başqa təfərrüatlar bildirilməyib. UKMTO gəmilərə ərazidə hərəkət edərkən sayıq olmağı tövsiyə edib.

Öz növbəsində, dəniz təhlükəsizliyi üzrə ixtisaslaşmış Britaniya şirkəti Ambrey gəminin ABŞ-yə məxsus ola biləcəyini bildirib. "Reuters"in verdiyi ilkin məlumata görə, yük gəmisinin ekipajı xəsarət almayıb. Ambrey hücumun Yəmənin Husilər hərəkatı tərəfindən ABŞ və Böyük Britaniyanın bombardmanlarına cavab olaraq həyata keçirilə biləcəyini irəli sürüb.