“ABŞ 2022-ci ilin oktyabrında və 2023-cü ilin 17 iyulunda Krım körpüsünə edilən hücumlarda mühüm rol oynaya bilərdi”. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə amerikalı jurnalist Seymur Herş bildirib. Onun sözlərinə görə, Ukrayna hərbçiləri və xüsusi xidmət orqanlarının təxribatı zamanı Amerika texnologiyalarından istifadə edilib:

“ABŞ hakimiyyəti Ukrayna hərbçilərinə həm körpüyə hücumların planlaşdırılmasında, həm də onların birbaşa həyata keçirilməsində fəal yardım edib. Əlbəttə, bu, bizim Amerika texnologiyamız idi. İyul ayında körpüyə hücum edən pilotsuz təyyarə uzaqdan idarə olunurdu. Bizim strategiyamız ondan ibarətdir ki, Ukrayna prezidenti Volodimir Zelenski nə istəsə, edə bilsin”.

Xatırladaq ki, iyulun 16-dan 17-nə keçən gecə Ukraynanın yerüstü pilotsuz təyyarələri Krım körpüsünə hücum edib. Krım körpüsünə hücum nəticəsində iki nəfər - avtomobillə körpü ilə hərəkət edən bir kişi və bir qadın həlak olub. Onların azyaşlı qızı yaralanıb. Həmçinin körpünün avtomobil hissəsinə ciddi ziyan dəyib, hazırda təmir işləri aparılır. Bu, artıq bir ildə Krım körpüsünə ikinci hücum idi. 2022-ci ilin oktyabrında yük maşını keçiddə partladı. Bu səbəbdən də strukturun bir hissəsi dağılıb, beş nəfər həlak olub.