350-yə yaxın Amerika vətəndaşı və ABŞ-də yaşamaq icazəsi sahibi olan şəxslər son bir həftə ərzində Vaşinqtonun təşkil etdiyi uçuşlarla Livanı tərk edib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Associated Press (AP) Dövlət Departamentinə istinadən məlumat yayıb.

Nəşr qeyd edir ki, həmin təyyarələrin sonuncusu cümə günü səhər tezdən Frankfurtda eniş edib.

Bir gün əvvəl Dövlət Departamentinin sözçüsü Metyu Miller Livanda təhlükəsizlik vəziyyətinin ağır olduğu müddətdə ABŞ-nin bu cür uçuşları təşkil etməyə davam edəcəyini bildirmişdi.

Məlumatda bildirilib ki, son bir həftə ərzində 6 mindən çox Amerika vətəndaşı ölkəni tərk etmək barədə məlumat almaq üçün Beyrutdakı ABŞ səfirliyi ilə əlaqə saxlayıb.

Yaxın Şərqdə vəziyyət gərgin olaraq qalır. Ötən həftənin əvvəlindən İsrail Livanın cənubunda və Beyrutda fəal şəkildə hava hücumları həyata keçirərək Livan Hizbullah hərəkatının infrastrukturunu məhv edir. İsrail Müdafiə Qüvvələri Livanın cənubundakı sərhəd bölgəsində Hizbullah hədəflərinə qarşı məhdud quru reydlərinə başladığını bildirib.

 

Sadiq Cavadov