Avstraliya ordusuna məxsus MRH-90 Taipan tipli helikopterin gecə saatlarında Hamilton adası yaxınlığında qəzaya uğramasından sonra ABŞ və Avstraliyanın birgə hərbi təlimi müvəqqəti olaraq dayandırılıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Avstraliyanın müdafiə naziri Riçard Marles açıqlama yayıb.

O, helikopterdəki ekipajdan 4 nəfərin axtarış-xilasetmə işlərinin davam etdiyini bildirib. Marles Dent adası yaxınlığında bir xilasetmə helikopterinin dağıntılarla qarşılaşdığını qeyd edib.

Qəza səbəbilə təlimin müvəqqəti dayandırıldığını da əlavə edən Marles, axtarış-xilasetmə işlərinə verdiyi dəstəyə görə ABŞ-yə təşəkkür edib.

Qeyd edək ki, ABŞ və Avstraliyanın iki ildən bir təşkil etdiyi “Talisman Saber” adlı təlimdə bu il 13 ölkə və 30 mindən çox hərbçi iştirak edir.

ABŞ-nin müdafiə naziri Lloyd Ostin və dövlət katibi Entoni Blinken də Avstraliyadadır.