Amerikalı iş adamı İlon Maska məxsus olan "Space X" şirkəti ilə kosmosa gedən 4 astronavt bu gün Beynəlxalq Kosmik Stansiyaya (BKS) çatıb. 

İqtisadiyyat.az xarici mediaya istinadən bildirir ki, bu barədə ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsi (NASA) açıqlama yayıb.

Açıqlamaya görə, "Crew-7" missiyasını yerinə yetirmək üçün 4 astronavtın olduğu "Crew Dragon" kapsulu 1 günlük səyahətdən sonra təyinat yerinə çatıb. 

NASA-nın əməkdaşı Jasmin Moghbelinin rəhbərlik etdiyi yeni komandaya Avropa Kosmik Agentliyindən (ESA) danimarkalı Andreas Mogensen, Yaponiya Aerokosmik Tədqiqatlar Agentliyindən (JAXA) Satoşi Furukava və Rusiya Federal Kosmik Agentliyindən (Roskosmos) kosmonavt Konstantin Borisov daxildir.

Astronavtların stansiyada keçirdikləri müddət ərzində pilotlu uçuşlarda bakteriya və göbələklərin yayılma riskinin araşdırılması, mikroorqanizmlərin stansiyadan kosmosa vakuumla çıxarılması, stansiyada istifadə olunan suyun təkrar emalının təkmilləşdirilməsi üsulları, astronavtların yuxu zamanı aşağı cazibə mühitində beyin dalğalarının dəyişməsi kimi amillərin öyrənilməsi nəzərdə tutulub. 

Qeyd edək ki, "Crew Dragon" kapsulu avqustun 26-da ABŞ-ın Florida ştatındakı Kennedi Kosmik Stansiyasından yerli vaxtla saat 03:27-də buraxılıb. Komandanın təxminən 190 gün stansiyada qalması gözlənilir.

Gülşən Şərif