“Baxmayaraq ki, martın 1-dən Azərbaycanda əməkhaqqları artırılıb, istehlak bazarında hər hansı bir qiymət artımı müşahidə etməmişik”. 

Bunu “Report”a son dövrlər ölkədə həyata keçirilən sosial yönümlü tədbirlərin inflyasiyanı artıracağı ilə bağlı iddiaları eksklüziv şərh edən Dövlət Statistika Komitəsinin (DSK) sədr müavini Rauf Səlimov deyib.

R.Səlimovun sözlərinə görə, hazırda inflyasiya göstəricisi 2,3-2,4% səviyyəsindədir:

“Güman edirəm ki, istehlak bazarına nəzarətlə bağlı, qiymətlərin süni artırılmasının qarşısının alınması ilə bağlı görülmüş tədbirlər, kənd təsərrüfatı yarmarkalarının təşkili, rəqabət mühitinin daha da yaxşılaşdırılması nəticəsində elə bir qiymət artımı olmayacaq. Hazırda inflyasiyanın faktiki səviyyəsi proqnozlaşdırılandan xeyli aşağıdır”.

Komitə rəsmisi aşağı inflyasiya səviyyəsinin deflyasiyaya gətirib çıxara bilmək ehtimalının da olmadığını qeyd edib: “İqtisadi nəzəriyyədə göstərilir ki, 2,5-3% səviyyəsində olan inflyasiya məqbuldur, hətta o iqtisadiyyatın artımını stimullaşdırır. Yəni istehsalın daha da sürətlə artmasına təkan verir. Bundan artıq olan inflyasiya iqtisadiyyata ziyandır. Deflyasiya da olanda da ixrac imkanları zəifləyir və əhalinin vəziyyəti pisləşir. Məsələn, neçə illərdir Yaponiyada inflyasiya yoxdur, deflyasiyadır. Yapon yeni möhkəmlənir, onlar nə qədər tədbir görsələr də buna nail ola bilmirlər. Bu da onların ixrac imkanlarına mənfi təsir göstərir. Amma bizdə inflyasiya ən normal həddədir. Nə əhalinin rifah halına mənfi təsir göstərir, eyni zamanda istehsalçılara müsbət təsir göstərir, istehsalı stimullaşdırır. Yəni 2%-i nə ölkə vətəndaşları hiss edir, nə də iqtisadiyyat”.