Şabran rayonunun Qazbabalı kəndində tam orta məktəbin olmaması şagirdlərin təhsillə bağlı problemlər yaşamasına səbəb olub. Kənddə yalnız ibtiadi siniflər üçün fəaliyyət göstərən modul tipli məktəb mövcuddur. Kəndin məktəbyaşlı sakinləri ibtidai təhsillərini başa vurduqdan sonra əsl problemlə üzləşirlər. Çünki onlar orta təhsillərini davam etdirmək üçün mütləq ya qonşu kəndlərdəki, ya da rayon mərkəzindəki tam orta məktəblərə getməli və bunun üçün də kilometrlərlə məsafə qət etməlidirlər. Nəqliyyatın hərəkəti üçün əlverişli olmayan bu yaşayış məntəqəsindən qonşu kəndlərə və rayon mərkəzinə getmək isə xüsusən qış aylarında yalnız piyada mümkün olur. Qışın soyuğu, yolun uzunluğu və hər an ehtimal olunan təhlükə səbəbindən əksəriyyət bu məsafəni qət edə bilmədiyindən həyatlarını təhsilsiz davam etdirməyə məcbur olurlar. 

İqtisadiyyat.az xəbər verir ki, bu cür kənd sakinlərindən biri də 14 yaşlı Əliyeva Məryəm Elnur qızıdır.

M.Əliyeva uzun illər təhsilsiz qalan kənd sakinlərindən biridir. O, yaşadığı Qazbabalı kəndindən qonşu kənddəki məktəbə piyada getməyin təhlükəli olduğundan dördüncü sinifdən sonra təhsilini yarımçıq qoymağa məcbur olub. Amma o, buna baxmayaraq dərslərini bütün fənlər üzrə ev şəraitində repetitor vasitəsilə davam etdirib.

Artıq kənddə məktəblilərin daşınması üçün avtobus ayrıldıqdan sonra isə M.Əliyevanın təhsilini davam etdirməsinə münbir şərait yaranıb. Lakin burada yaranan digər problem isə Məryəmin təhsil alması üçün növbəti maneəyə çevrilib.

Çünki qonşu məktəb rəhbərliyi 14 yaşlı Məryəmi yalnız dördüncü sinifdən təhsilə bərpa edə biləcəklərini söyləyib. Buna baxmayaraq, təhsil müəssisəsinin rəhbərliyi Məryəmin məktəbə gedə bilmədikləri zaman belə evdə repetitor vasitəsilə təhsilini bütün fənlər üzrə davam etdirdiyindən xəbərdardır.

Odur ki, əlavə vaxt itkisinə məruz qalmaq istəməyən Məryəm mövcud problemin aradan qaldırılması üçün elm və təhsil naziri Emin Əmrullayevə müraciət edib. Onun müraciətini təqdim edirik:

"Cənab nazir, mənim 14 yaşım var. Uzun illər təhsilsiz qalmışam. Yaşadığım Qazbabalı kəndindən qonşu Əmirxanlı kəndindəki məktəbə piyada getmək təhlükəli olduğundan dördüncü sinifdən sonra oxuya bilməmişəm. Bu ildən xüsusi avtobus ayrıldı, mən də Əmirxanlı məktəbinə getməyə başladım. Amma orada mənə yalnız dördüncü sinifə götürə biləcəklərini dedilər. Belə olanda mən 22 yaşıma qədər məktəbə getməliyəm. Mən iki ildən çoxdur kəndə gəlib təmənnasız dərs keçən bir müəllimdən xeyli şey öyrənmişəm. Özümü ən azı səkkizinci sinifdə oxumağa hazır hiss eləyirəm. Sizdən mənə yuxarı siniflərdə oxumağa kömək olmağı xahiş edirəm. Mən oxumağı çox istəyirəm. Gecə-gündüz çalışıram. Mənə kömək edəcəyinizə inanıram. Çox sağ olun, cənab nazir".

Elm və Təhsil Nazirliyindən İqtisadiyyat.az-ın sorğusuna cavab olaraq bildirilib ki, sözügedən məsələ ilə bağlı araşdırmalara başlanılıb. Qeyd olunub ki, araşdırmalardan sonra qanunvericiliyə uyğun qərar veriləcək.


 

Sadiq Cavadov