19 il əvvəl qurulan video paylaşma platforması “YouTube” 2,7 milyard istifadəçiyə çatıb.

Bu barədə İqtisadiyyat.az xarici mediaya istinadən xəbər verir.

İnternet istifadəçilərinin 52%-nin istifadə etdiyi “YouTube” ayda 113 milyard dəfə ziyarət edilir.

"YouTube"dan ən çox istifadə edilən ölkələrin siyahısında Hindistan 467 milyon istifadəçi ilə birinci yerdədir. 247 milyon istifadəçisi olan ABŞ bu siyahıda ikincidir. Türkiyə isə 57 milyondan çox istifadəçi ilə 11-ci yerdədir.

Platforma istifadəçilərinin 53,9%-i kişi, 46,1%-i isə qadınlardır. İstifadəçilərinin əksəriyyətinin 25-34 yaşlı olduğu platformaya hər gün ümumilikdə 720 min saatlıq video yüklənir.

Bu ilə qədər platformada 110 milyondan çox kanal var. Videoları ilə ən çox gəlir əldə edənlər siyahısında birinci yeri 239 milyon izləyicisi ilə Amerikalı “YouTuber” “MrBeast” tutur. 2022-ci ilin məlumatlarına görə, bu kanal platforma vasitəsilə 50 milyon dollardan çox gəlir əldə edib.

Gələn il platformanın istifadəçilərinin sayının 2,85 milyarda çatacağı gözlənilir.

Qeyd edək ki, 2005-ci ilin fevralında ABŞ-də 3 sahibkar tərəfindən qurulan platforma bir ildən sonra texnologiya nəhənginə çevrilib. 2006-cı ildə şirkət “Google” tərəfindən 1,65 milyard dollara satın alınıb.