ABŞ Azərbaycanda xarici sərmayələrin cəlb edilməsi və innovasiyaların təşviqinə xidmət edəcək iqtisadi islahatları dəstəkləyir. Fins.az-ın məlumatına görə, bunu ABŞ prezidenti Donald Tramp deyib.

“Amerika Birləşmiş Ştatları xarici sərmayələrin cəlb edilməsi və innovasiyaların təşviqinə xidmət edəcək iqtisadi islahatların davam etdirilməsində səylərinizi dəstəkləyir. Azərbaycanın iqtisadi uğuru bütün regiona sabitliyin gətirilməsinə yardım edəcəkdir”, - deyə Bakıda 26-cı Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin keçirilməsi münasibətilə D.Trampın prezident İlham Əliyevə ünvanladığı məktubda bildirilir.

ABŞ prezidenti vurğulayıb ki, Cənub Qaz Dəhlizi daxil olmaqla, Azərbaycanda hasil olunan neft və qaz dünya enerji bazarlarında sabitliyi artırmaqda davam edir.“Türkmənistan və Şərqi Aralıq dənizi hövzəsi ölkələri kimi digər potensial təchizatçılarla tərəfdaşlıq quraraq Azərbaycan daha böyük liderlik rolu oynaya bilər. Ölkənizin uğurlarını genişləndirməyin əsl vaxtıdır”, - deyə o qeyd edib.

D.Tramp Cənubi Qafqazın daha da dinc, demokratik və firavan olması üçün əməkdaşlığın davamlı olmasını arzulayıb