8 mart Beynəlxalq Qadınlar günündə alış-veriş mərkəzləri və restoranlarda bir qələbəlik müşahidə olunur. Bu da səbəbsiz deyil. İnsanlar məhz bu gün sevdiyi qadınları diqqətsiz qoymamağa çalışır. Bəs ən çox nə satılır? Alıcılar hədiyyə olaraq nəyə üstünlük verir? Müşahidələrimiz göstərir ki, ən çox satılan məhsul məhz güldür. Parfümeriya məhsulları, qızıl-zinət əşyaları, suvenir və yumşaq oyuncaqlar da siyahıda ön sıralarda yer alır. Ev əşyaları da xeyli kişinin 8 mart hədiyyəsi olaraq əsas seçimlərindən biridir. Bir də heç nə almayıb sadəcə sözlə təbrik edənlər var. Yəqin ki, belələrinin sayı o qədər də çox deyil. Amma sosial media platformalarından birində keçirdiyimiz sorğunun nəticəsi bizi təəccübləndirdi. İqtisadiyyat.az xəbər verir ki, 1137 nəfərin iştirak etdiyi sorğuda respondentlərin 46%-i quru təbriklə kifayətləndiyini bildirib. 21% gülə, 10% isə qızıl-zinət əşyalarına üstünlük verdiyini ifadə edib. Ətir, suvenirlər, kitab, ev əşyaları və mobil telefon ən az səs toplayan hədiyyə variantlarıdır.