Cəlilabad rayonunda on dörd kəndi birləşdirən Qarazəncir-Qarakazımlı-Bayxanlı avtomobil yolu qəzalı vəziyyətə düşüb.

Bu barədə İqtisadiyyat.az-a yerli sakinlər məlumat verib.  

Onların sözlərinə görə, sözügedən yol rayon mərkəzindən təqribən 35-40 kilometr məsafəyədək uzanır. 

Sakinlər deyir ki, 30 minə yaxın əhalinin mütəmadi olaraq istifadəsində olan bu yol baxımsızlıq üzündən hazırda bərbad vəziyyətə düşüb. Onlar üç ildir ki, mövcud durumun yarandığını söyləyiblər: 

"On dörd kəndi birləşdirən bu magistral yol artıq nəqliyyatın normal hərəkəti üçün əsl təhlükəyə çevrilib. Yolda iri çartlar və çalalar əmələ gəlib. Qoyulan aldadıcı yamaqlar isə tez-tez sürücüləri maneələrlə üz-üzə qoyur. Yolun yararsız hala düşməsinə görə, bəzən 10 dəqiqəlik yolu mənzil başına saat yarıma gedib çıxırıq. Çox çətin bir vəziyyətə düşmüşük. Bəzi yerlərə təmir adı ilə yamaq vurmuşdular, indi o yamaqlar da dağılıb və ya dağılmaq üzrədir".

Sakinlərin üzləşdiyi bu problemlə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə sorğu ünvanladıq.

Qurumdan İqtisadiyyat.az-a bildirildi ki, kəndlərarası avtomobil yollarının yenidən qurulması "Regionların Sosial-iqtisadi İnkişafı Dövlət Proqramı" çərçivəsində öz həllini tapır:

"Bu proqram çərçivəsində Cəlilabad rayonu ərazisində də mühüm yol infrastrukturu layihələrinin icrası həyata keçirilib və davam etdirilir. O cümlədən də qeyd olunan Qarazəncir-Məlikqasımlı avtomobil yolunun 12 km-dən ayrılan Gülməmmədli-Bayxanlı-Məmmədcanlı-Ətcələr-Zərbiəli-Qarakazımlı-Sərxanlı avtomobil yolunun da yenidən qurulması dövlət proqramına daxil edilib. Dövlət Proqramı çərçivəsində maliyyə vəsaiti ayrılan kimi həmin avtomobil yolunun yenidən qurulması tərəfimizdən təmin olunacaqdır".