Azərbaycan Mərkəzi Bankı 2022-ci il üçün sığorta sektorunda rəqəmsallaşmaya keçidin əsas prioritetlərdən bir olmasını bəyan edib. Sığorta sisteminin rəqəmsallaşması istiqamətində Azərbaycanın sığorta şirkətlərinin həyata keçirəcəyi tədbirlərin əhali üçün daha effektiv və inkluziv olması vacib amildir.Sığorta sahəsində rəqəmsallaşma tendensiyasını vacib edən amilləri “Fins.az”a açıqlayan sığorta eksperti İlkin İbrahimov  bildirib ki,sığorta sisteminin rəqəmsallaşması ölkəmizdə pandemiyanın gətirdiyi müsbət tendensiyalardandır. Lakin bu tendensiya hələ də öz maksimumuna çatmayıb.

İlkin İbrahimov bu sahədə həyata keçirilməsi daha effektiv nəticələr verəcək tədbirlərə toxunaraq ” İlk öncə Nəzarətedici və İcbari Sığorta Bürosunun (İSB) bu istiqamətdəki addımları sığorta şirkətlərinin rəqəmsallaşmaya marağını artıra bilər. Yəni qanunvericilikdə dəyişiklik və müxtəlif dövlət orqanları ilə elektron mübadilələrin aparılması sığorta şirkətlərinin bu sahədə effektivliyini artıran amillərdəndir. Konkret sığorta şirkətlərinin atacağı addım isə elektron şəhadətnamələrin daha ucuz satılması olardı”, -deyə əlavə edib.

Qeyd edək ki,sığorta şəhadətnaməsi, sığorta haqqının ödənilməsi barədə və müqavilənin qüvvəyə minməsi barədə sənəddir.