Azərbaycanda kartof əkin sahələrindən məhsul yığımı, demək olar ki, başa çatıb. Əvvəlki illə müqayisədə bu mövsümdə kartof əkin sahələri azalıb. Eyni zamanda, sahələrdən yığılan kartofun həcmində də ötən illə müqayisədə azalmalar var. Qış aylarında kartofun baha olmasına baxmayaraq mövsümdə məhsulun bolluğu onun qiymətinin də aşağı düşməsinə gətirib çıxarır. Yayda xaricə kartof ixrac edən ölkələr qışda idxal etməyə başlayır. Amma bir çox ölkələrdə kartofların saxlanılması üçün xüsusi soyuducu anbarlar mövcuddur. Mütəxəssislər deyir ki, qonşu Rusiyada kartofu uzun müddətə saxlaya bilirlər. Burada hətta köhnə kartofu bir il müddətinə saxlamaq mümkündür. Eyni zamanda, Azərbaycanda kartof istehsalının azalmasının səbəblərindən biri kimi soyuducu anbarlara marağın olmaması göstərilir.

İqtisadçı ekspert Xalid Kərimli İqtisadiyyat.az-a açıqlamasında deyib ki, bazara kütləvi məhsul çıxarıldıqda həcm artdığı üçün onun qiyməti də ucuzlaşır. İqtisadçı məhsulun yay aylarında xarici bazarlara ixracının, qış aylarında isə idxalının əhəmiyyətindən də danışıb.

O, bu məsələdə fermerin qarşısında iki seçimin olduğunu söyləyib. Ekspert bildirib ki, bunun birincisi, artıq qalan məhsulun anbarlarda və saxlanclarda saxlanılması, daha sonra zamanla bazara çıxarılması məsələsidir. İkincisi isə, əvvəlcədən alıcı və ixracatçılarla müqavilənin bağlanılaraq yığım zamanı məhsulun bir hissəsinin daxili, digər hissəsinin də xarici bazarlara çıxarılmasıdır:

"Məhsulu saxlanmaya verməyin özü də əlavə xərcdir. Bunların hamısını fermer özünə maraqlı şəkildə hesablayır və tənzimləyir. Yəni təkcə bu, kartofla əlaqədar deyil, eləcə də digər məhsullarda da proses bu qaydada həyata keçirilir. Fermerin məhsulu saxlayacağını və sonra onu bizə ucuz qiymətə satacağını fikirləşməməliyik. Qeyd etdiyim kimi, bunu fermer özü hesablayır. Fermer məhsulun saxlanma üçün çəkdiyi xərci - daşınması, xarab olma riski, bazarlara təqdim edilməsi və s. məsələlərin ona neçəyə başa gələcəyini fikirləşir. Bunların hamısını hesablayıb özü bir qərar verir. Burada fermerin şəxsi maliyyə planları, investisiya göstəriciləri və mövqeyi çox önəmlidir".

İqtisadçı vurğulayıb ki, adətən Azərbaycan kartofu həm mövsümündə, həm də mövsümü olmayan dövrlərdə İran kartofundan daha baha olur. Reputasiyasına görə isə Gədəbəy və Tovuz kartofu daha baha qiymətə satılır: "Ona görə də hətta fermer bu kartofu saxlasa belə, yenə də İrandan gələn kartofdan daha baha olacaq. Məhz bununla bağlı fermerlər kartofun indi, yoxsa anbarlarda saxlanılaraq hissə-hissə satılmasının hansının əlverişli olduğu barədə qərar verirlər. Eləcə də onlar xərc və gəlirləri, qiymət risklərini burada gözə alırlar. Bu fermerin şəxsi qərarıdır, ona heç kim müdaxilə edə bilməz. Amma idxalın aradan qaldırılması nə camaatın, nə də iqtisadiyyatın xeyrinədir. Kartofun idxalı ona görə vacibdir ki, qiymətləri, bazarı stabilləşdirir. Əgər idxal olmasa, qışda kartofu 10-20 manata alacağıq. Yəni idxal qiyməti stabilləşdirir, bazara təklifin həcmini tənzimləyir".

Sadiq Cavadov